Çin Rusiya iqtisadiyyatı üçün hansı əhəmiyyətə sahibdir? – RƏQƏMLƏR

Çin Rusiya iqtisadiyyatı üçün hansı əhəmiyyətə sahibdir? – RƏQƏMLƏR

Çin Xalq Respublikasının sədri Si Cinpin martın 20-də Rusiyaya səfər edib. Səfər martın 22-nə kimi davam edəcək.


Sfera.az xatırladır ki, Çin lideri Si Cinpin Rusiyaya sonuncu dəfə 2019-cu ildə gəlib.


RBC yazır ki, indiki səfər Rusiya üçün daha əhəmiyyətlidir. Çox geniş iqtisadi və siyasi sanksiyalarla üzləşən Rusiyanın indi Çinin dəstəyinə ehtiyacı əvvəlki dövrlərlə müqayisədə daha çoxdur.


Bəs hazırda Rusiya ilə Çin arasında iqtisadi əlaqələr hansı səviyyədədir?


2022-ci ildə Rusiya və Çin arasında ticarət dövriyyəsi 190 milyard dollara yüksəlib ki, bu da rekord göstəricidir. Bundan əvvəlki maksimum 2021-ci ildə qeydə alınan 147 milyard dollar olub.


İki ölkə arasında ticarət dövriyyəsinin artmasının əsas səbəbi ötən il malların qiymətinin əhəmiyyətli dərəcədə yüksəlməsidir. 2022-cu ildə Rusiya Çinə 114,15 milyard dollar, Çin Rusiyaya 76,12 milyar dollar dəyərində mal ixracı həyata keçirib.


2022-ci ildə Rusiyadan Çinə ixracın 75 faizi (85 milyard dollar) neft, qaz və kömürün payına düşüb. Xam neftin satışı dəyər ifadəsində 44faiz artıb. 2021-ci ildə 40,5 milyard dollar olan neft ixracı 2022-ci ildə 58,4 milyard dollara çatıb.


2023-cü ilin ilk iki ayında isə Rusiya Çinə neft satışını daha 25 faiz artıraraq Çinin ən böyük neft tədarükçüsü olub. Bundan öncə Çinin ən böyük neft tədarükçüsü Səudiyyə Ərəbistanı idi.


Çinin Baş Gömrük İdarəsi bildirib ki, yanvar-fevral aylarında Rusiyadan neft idxalı sutkada 2 milyon barrelə yüksəlib, tədarük olunan xammalın ümumi həcmi isə 15,7 milyon tona çatıb. Bu göstərici ötənilki analoji dövrlə müqayisədə 23,8 faiz çoxdur.


2022-ci ildə Çin mallarının Rusiyaya tədarükündə də yeni rekord müəyyənləşib. 2021-ci ilə nisbətən ixrac təxminən 13 faiz artıb.


2022-ci ildə Rusiyayanın bütün ölkələrdən ümumi idxalı 259 milyard dollar təşkil edib. Bunun 30 faizini Çin həyata keçirib. 2021-ci bu göstərici təxminən 25 faiz idi.
Çin 2009-cu ildən dünyanın ən böyük ixraca sahib olan ölkəsidir. 2022-ci ildə Çinin ixracı 3,6 trilyon dollara yüksəlib. Çinin ixracının təxminən 2 faizi Rusiyanın payına düşür.


2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin kiçilməsi ehtimalı var. Əmtəə qiymətlərinin, o cümlədən neftin ucuzlaşması Rusiyanın Çinə ixracının dəyərini ötən ilə nisbətən aşağı sala bilər.


Amma Çindən Rusiyaya ixracda artım qaçılmaz olacaq. Çünki Rusiya sanksiyalar səbəbindən Avropa, ABŞ və digər Qərb ölkələrindən aldığı malların bir çoxunu Çindən almalıdır. Proqnozlara görə bu il Çinin Rusiyaya ixracı 80 milyard dolları ötəcək. Bəzi proqnozlara görə hətta ixracın 90 milyard dollara çatması da realdır.
Rusiya üçün Çinin digər bir əhəmiyyəti xarici valyuta ilə bağlıdır. 2022-ci ildə ABŞ və Avropa İttifaqının valyuta məhdudiyyətləri ilə üzləşən Rusiya iqtisadiyyatı üçün Çin yuanın rolu əhəmiyyətli dərəcədə artıb. Məsələn, Rusiya Mərkəzi Bankının məlumatına görə, xarici ticarət hesablaşmalarında yuanın payı ixracda 16 faizə, idxalda isə 23 faizə yüksəlib. 2022-ci ilin əvvəlində bu göstərici 0,5-4 faizə bərabər idi.


Yuanla ifadə olunan aktivlər hazırda Rusiya Milli Rifah Fondunun ümumi ehtiyatlarının yarısını təşkil edir.


Birjanın məlumatına görə, Moskva birjasında Çin valyutası ilə aylıq ticarətin həcmi on dəfə artıb.


Qeyd edilənlərdən aydın olur ki, Rusiya iqtisadiyyatının Çindən asılılığı artır. Bu asılılıq Çinin Rusiyaya təsir imkanlarını bir qədər də genişləndirəcək.


Vasif

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR