“Budəfəki bank böhranı 2008-ci ildən daha pis olacaq” - Piter Şiff

Məşhur iqtisadçı Piter Şiff hazırkı bank böhranı ilə bağlı kifayət qədər bədbin proqnozlar verir. Tanınmış qızıl investoru olan iqtisadçı mövcud böhranı 2008-ci ildə baş verən maliyyə böhranı ilə müqayisə edərək maraqlı fikirlərlə çıxış edib.
Sfera.az xəbər verir ki, Piter Şiff ABŞ-da bankların müflis olmasından sonra FED-in inflyasiya ilə mübarizəni dayandırdığını deyib. Məşhur investor qeyd edib ki, xilas edilən hər bir bank ABŞ vətəndaşlarının cibindən inflyasiya şəklində çıxacaq.
Onun iddiasına görə bank böhranı ABŞ hökumətin müdaxiləsi nəticəsində yaranıb və daha da pisləşəcək: “Hökumət 2008-ci il maliyyə böhranından sonra bir çox yeni bank qaydaları tətbiq etdi. 2008-ci ildə maliyyə böhranını yaşamağımızın bir səbəbi hökumətin çoxlu müdaxiləsi idi. Ona görə də indiki böhran daha da pisləşəcək”.
Keçmiş bank sahibi Şiffin fikrincə, bazarın hazırkı bank böhranına reaksiyası 2008-ci ildən fərqlidir. Məşhur qızıl investoru inflyasiya mühitinin keçmişdən fərqli olaraq qızılı ön plana çıxardığını bildirib. O qeyd edir ki, FED davranışları öz təsirini göstərməyə başlayıb:
“Bu dəfə fərqlidir. 2008-ci ildə maliyyə böhranı başlayanda dollar bahalaşdı və qızıl ucuzlaşdı. Bu dəfə əksinədir. Çünki investorlar yüksək inflyasiyanın indi daha da ağır zərbə vuracağını anlayıblar”.
Vasif
Sfera.az