Neft qiymətləri son 1,5 ilin ən aşağı səviyyəsinə düşüb – “Qara qızıl” bir qədər də ucuzlaşa bilər

Neft qiymətlərində 2023-cü ilin martın əvvəlindən müşahidə edilən enmə hələ də davam edir. Dünyada daha çox istifadə edilən “Brent” markalı neftin dəyəri hazırda 73 dollar, Azərbaycanın ixrac etdiyi "Azeri Light" markalı neftin qiyməti 74,7 dollardır. Martın əvvəlindən bəri “Brent” nefti 10 dollar və ya 12 faiz, Azərbaycan nefti 10,3 dollar, yəni 12,1 faiz ucuzlaşıb.
Neft qiymətləri sonuncu dəfə belə aşağı səviyyəyə 2021-ci ilin oktyabrında düşmüşdü.
Sfera.az xatırladır ki, neft qiymlərinin enməsinə səbəb dünya iqtisadiyyatında böhranın olacağına dair narahatçılığın yaranmasıdır. ABŞ-da martın əvvəlində 3 bankın müflis olmasından sonra investorlar, böyük şirkətlər yeni maliyyə böhranı riskinə qarşı tədbirləri artırıblar. Bu gözlənti əsas əmtəələrin, xüsusən də neftin ucuzlaşmasına səbəb olur.
Bankların bağlanmasının qiymətlərə daha güclü azaldıcı təsir edəcəyinə dair gözləntilər var. Bu ehtimallar çərçivəsində “Brent” neftinin qiymətinin 60 dollara qədər enəcəyi təxmin edilir.
Lakin bunun əksini düşünənlər də var. Onların fikrincə, əgər ABŞ mərkəzi bankı və Amerika hökuməti bank sektorundakı böhranı tənzimləyə bilsə, əmtəə və neft qiymətlərində enmə uzunmüddətli olmayacaq.
Qeyd edək ki, neft qiymətləri Azərbaycan üçün önəmlidir. Azərbaycanın ixracının əsas hissəsini neft satışı təşkil edir. Eyni zamanda dövlət büdcəsinin gəlirlərinin formalaşmasında da neft qiymətləri önəmli təsirə sahibdir.
Vasif
Sfera.az