Üç ölkənin ordusu ABŞ-yə QARŞI: Vaşinqtona göndərilən mesaj...

Üç ölkənin ordusu ABŞ-yə QARŞI: Vaşinqtona göndərilən mesaj...

Rusiya, İran və Çin martın 15-dən başlayaraq Oman körfəzində 4 günlük birgə hərbi təlimlər keçiriblər. Üç ölkə arasında oxşar birgə hərbi təlimlər 2019-cu ildə də keçirilmişdi. Həmin ildə keçirilən hərbi təlimlər Oman körfəzi ilə yanaşı Hind okeanını da əhatə edirdi.  

 

Maraqlıdır, hərbi təlimlər kimə qarşıdır?

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı danışan politoloq Elxan Şahinoğlu xatırladıb ki, ABŞ-nin Rusiya, İran və Çinə qarşı müxtəlif sanksiyaları mövcuddur:

 

“İsrail İranı uranı zənginləşdirməsinə və bölgədəki müxtəlif qrupları silahlandırdığına görə hədəf götürüb. Buna görə də, Rusiya-Çin-İran birgə hərbi təlimləri Qərb ölkələrinin, o cümlədən İsrailin narahatlığına səbəb olub. Hərbi təlimlər zamanı dəniz quldurlarına qarşı birgə mübarizə üsulları tətbiq edilsə də, fərqli məqsədlər də var. Hərbi təlimlərdə gündüz və axşam saatlarında atışlar həyata keçirilib. Çin İrandan neft alır. Ona görə də, Çin üçün vacib olan nefti İran sahillərindən təhlükəsiz şəkildə daşımaqdır. Pekin buna görə ortaq təlimlərə əhəmiyyət verib. İran da neftini təhlükəsiz şəraidə Çin sahillərinə çatdırmaq istəyir”.

 

Politoloq Rusiyanın bu təlimlərdəki marağından da söz açıb:

 

“Rusiya sadəcə gücünü ABŞ-yə göstərməyə çalışır. Ukraynada işğalçı müharibə aparan Rusiyanın Avrasiya və Yaxın Şərq bölgələrində də fəal olduğunu nümayiş etdirmək istəyir. Rusiyanın bir başqa məqsədi də var. Moskva bu təlimlərlə Vaşinqtona mesaj göndərib ki, tankerlərin okeanlarda təhlükəsiz hərəkətinə nəzarət etmək imkanına malikdir. Yəni Rusiya Avropanın enerji  bazarından uzaqlaşdırılsa da, hərbi təlimlərdə iştirak vasitəsilə dünyanın digər bazarlarında fəal olacağına işarə edib. Moskva-Tehran-Pekin üçbucağı Vaşinqton üçün ciddi təhlükə mənbəyidir. Vaşinqton bu ittifaqı zəiflətmək üçün dövlətlərdən biri ilə sıx əməkdaşlığa malik olmalıdır. Ancaq Vaşinqtonun hər üçü ilə münasibətləri gərgindir, xüsusilə də o, Çini oyundankənar vəziyyətə salmaq istəyir. Ancaq hələ ki, bunu reallaşdıra bilməyib”.

 

Qeyd edək ki, bundan əvvəl fevralın 17-də Rusiya, Çin və Cənubi Afrika Respbulikası Hind okeanında 10 günlük birgə hərbi təlimlər keçirmişdilər.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR