Salvadordakı nəhəng həbsxanadan yayılan FOTOLAR olay oldu – Metal çarpayıda çılpaq yatırlar…

Salvadordakı nəhəng həbsxanadan yayılan FOTOLAR olay oldu – Metal çarpayıda çılpaq yatırlar…

Mərkəzi Amerika ölkəsi El Salvadorda açılan meqa həbsxanadan yayılan və məhbusların yaşadığı şəraiti əks etdirən fotolar dünyanın gündəminə yerləşib. 

 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, yeni açılan və hələ də tikintisi davam edən, Amerika qitəsinin ən böyük həbsxanasına daha 2000 məhbus köçürülüb. 40 min cinayətkarın saxlanması üçün nəzərdə tutulan "CECOT Terror Həbsxanası"na məhbuslar ciddi təhlükəsizlik tədbirləri ilə gətiriliblər. Beynəlxalq agentliklərin təqdim etdiyi görüntülərdə yarıçılpaq, ayaqyalın, minlərlə tatuajlı kişi əlləri arxaya bağlanmış, başları aşağı əyilmiş halda həbsxanaya daxil olurlar.

 

Ölkədəki zorakılıq probleminin kökündə duran MS-13 və Barrio 18 kimi bandalara az qala müharibə elan edən prezident Nayib Bukele administrasiyası daha əvvəl açdıqları yeni həbsxananın görüntülərini paylaşsa da, məhbusların qaldığı kameralar gözə dəyməmişdi. Müəssisənin içərisindən çəkilmiş son görüntülərdə məhbusların döşəksiz, metal ikiqat çarpayılarda yatdıqları məlum olub.

 

“Dailymail” qəzeti 100 məhbusun yerləşdiyi hər kamerada cəmi iki tualetin olduğunu yazıb. Nəhəng həbsxanada yeməkxanalar, idman otaqları və stolüstü tennis stolları olsa da, bunlar yalnız mühafizəçilər üçündür.Məhkumlar yalnız qanuni dinləmələr və ya pəncərəsiz, işıqsız bir cəza kamerasında cəzalandırılmaq üçün tərk edə bilər.

 

Paytaxt San Salvadordan 74 km cənub-şərqdə yerləşən Tekolukada yerləşən həbsxana 5 metr hündürlükdə beton divarlar və elektrik naqilləri ilə əhatə olunub. Səlahiyyətlilər bildirirlər ki, məhbuslar içəri daxil olduqdan sonra onların xarici dünya ilə əlaqə saxlaması mümkün deyil.

 

İnsan haqları qrupları həbsxanadakı yaşayış şəraitini tənqid edirlər. Qərb mediası isə yeni meqa həbsxananı “konsentrasiya düşərgəsi” kimi qələmə verir.

 

Uzun illərdir ki, dəstələrin törətdiyi zorakılıq dalğasının öhdəsindən gəlməyə çalışan ölkədə ilk dəfə 27 mart 2022-ci ildə elan edilən fövqəladə vəziyyət yeni qərarla 12-ci dəfə uzadılıb. İndiyədək 66 mindən çox dəstə üzvünün saxlanıldığı El Salvadorda 2022-ci ildə qətl nisbəti 56,8 faiz azalıb.

 

 

Lalə
Sfera.az


OXŞAR XƏBƏRLƏR