Bayramda necə qidalanmalıyıq? - Mütəxəssis MƏSLƏHƏTİ

Bayramda necə qidalanmalıyıq? - Mütəxəssis MƏSLƏHƏTİ

Novruz Bayramında süfrələrimizi müxtəlif şirniyyatlarla yanaşı, çərəzlər, meyvə quruları və digər nemətlər bəzəyir. Bayram axşamı bişirilən plovlar, müxtəlif mayonezli salatlar isə kilo almağımıza şərait yaratmaqla yanaşı, mədə-bağırsaq sistemində pozğunluqlar yarada bilir.

 

Ümumiyyətlə, bayramda necə qidalanmalıyıq?

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı danışan həkim-terapevt Nuranə İsabalayeva deyib ki, bayram günlərində insanların əksəriyyəti qidalanmaya ciddi fikir vermir:

 

“Xüsusən, yağlı və qızardılmış, çox ədviyyatlı qida qəbulu zamanı yeməklər arasındakı fasiləni artırmaq, az-az və tez-tez yemək tövsiyə olunur.  Bayram günlərindəki ağır qidalanmadan sonra bir neçə saatlıq da olsa - heç olmasa, 6-8 saatlıq ac qalmağı tövsiyə edirik. Bu, mədə-bağırsaq sisteminin yükünün azaldılmasına səbəb olur. Bu baxımdan insanlarda mövcud olan tibbi diaqnozlar, xəstəliklər də mütləq nəzərə alınmalıdır. Həmçinin, xroniki xəstəliyi olan xəstələrin qida rejimlərində dəyişikliklər edilməsi kəskin fəsadlara səbəb ola bilər. Belə ki, şəkərli diabet xəstələrində pəhriz rejiminin pozulması qanda şəkərin miqdarının çox yüksəlməsi ilə nəticələnə bilər. Bu, hətta bəzi xəstələrdə diabetik komalara belə gətirib çıxarır. Xroniki böyrək xəstələrininin də qidalanma rejimində dəyişiklik edilməsi, ağır, yağlı, şirin qidaların normadan artıq istifadəsi qanda kreatinin qalxmasına, arterial təzyiqin kritik göstəricilərinə səbəb olur”.

 

Mütəxəssis qeyd edib ki, ədviyyatla zəngin bayram şirniyyatlarının qəbulu insanlarda allergik reaksiyaların artması ilə nəticələnə bilər:

 

“Bu isə özünü yuxarı tənəffüs yolları və dəri nahiyəsində büruzə verir. Eyni zamanda bu günün yeməklərini çalışın digər günə saxlamayın! Bu, xüsusilə, mayonezli salatlara və kremli qidalara şamil olunur. Həmin qidaların bir neçə gün sonra istifadəsi orqanizmdə çox ciddi fəsadlar verə bilər”.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR