Rusiyaya işləyən casus şəbəkəsi ifşa edildi - 6 nəfər saxlanıldı

Rusiyaya işləyən casus şəbəkəsi ifşa edildi - 6 nəfər saxlanıldı

Polşada Rusiyaya məlumat ötürmək üçün casusluq fəaliyyəti həyata keçirən şəbəkə dağıdılıb.

 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak məlumat verib.


“Ukraynaya hücum edənlərə məlumat ötürən, casusluq fəaliyyəti həyata keçirən şəbəkə məhv edildi. Təhlükə real idi. Mən Polşa Daxili Təhlükəsizlik Xidmətinin əməkdaşlarının əldə etdiyi böyük uğuru vurğulamaq istərdim. Bu, şübhəsiz ki, Polşa kəşfiyyat xidmətlərinin ölkəmizin təhlükəsizliyi üçün çox səmərəli işlədiyinin sübutudur”, - deyə Blaşçak açıqlayıb.


Ukraynanın Rusiyadan, Polşanın isə Belarusiyadan hibrid hücumla üzləşdiyini, şəbəkə üzvlərinin Polşada da təxribata hazırlaşdıqlarını deyən Blaşçak ölkədə buna bənzər başqa qrupların ola biləcəyinə də diqqət çəkib.

 

Polşa mətbuatında yer alan xəbərlərə görə, şəbəkəyə qarşı keçirilən əməliyyatda 6 nəfər saxlanılıb. Ukraynaya silah və sursat daşınması üçün əhəmiyyətli bir məntəqə olan Jeşuv şəhərindəki Yasionka hava limanı ətrafında mühüm dəmir yolu marşrutlarında gizli kameralar aşkarlanıb. Casuslar aşkarlandıqdan sonra mühüm dəmir yolu marşrutları və kritik infrastruktur obyektləri ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR