Bəşər Əsəd Rusiyadadır - Putinlə görüşəcək

Bəşər Əsəd Rusiyadadır - Putinlə görüşəcək

Rusiya Prezidenti Vladimir Putin Kremldə Suriya Prezidenti Bəşər Əsədlə görüşəcək.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

İki ölkə liderləri Rusiya-Suriya əməkdaşlığının siyasət, ticarət, iqtisadiyyat və humanitar sahədə gələcək inkişafını, Suriya barışığı perspektivlərini müzakirə edəcəklər.

 

Bəşər Əsəd böyük bir nazir heyətinin müşayiəti ilə çərşənbə axşamı Moskvaya rəsmi səfərə gəlib. Onu Moskvanın Vnukovo hava limanında prezidentin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov, Suriyanın Rusiyadakı səfiri Bəşər Cəfəri və Rusiyanın Suriyadakı səfiri Aleksandr Yefimov qarşılayıblar.

 

Putin və Əsəd sonuncu dəfə 2021-ci ilin sentyabrında Suriya prezidenti Moskvaya gələndə görüşüb. Bundan əvvəl Suriya lideri 2018-ci ilin mayında, 2017-ci ilin noyabrında və 2015-ci ilin oktyabrında da daxil olmaqla, Rusiyaya bir neçə səfər edib. Prezidentlər həmçinin 2020-ci ilin noyabrında videobağlantı vasitəsilə danışıblar və 2023-cü ilin fevral ayının əvvəlində telefon danışığı aparıblar.

 

Son bir neçə ildə Putin Əsədlə görüşmək üçün iki dəfə Suriyaya səfər edib - 2017-ci ilin dekabrında və 2020-ci ilin yanvarında.

 

Əsədin xahişi ilə Rusiyanın Aerokosmik Qüvvələri 2015-ci ildə Suriyada əməliyyata başlayıb. Onların dəstəyi ilə Suriya silahlı qüvvələri ölkə ərazisinin 70-90%-nə nəzarəti bərpa edə bilib.

 

Moskva və Ankaranın zəmanəti ilə 2016-cı il dekabrın 30-da qüvvəyə minən atəşkəsdən sonra Rusiya Suriyadakı hərbi mövcudluğunu məhdudlaşdırmağa başlayıb. Eyni zamanda Rusiya lideri bildirib ki, Rusiya beynəlxalq terrorizmlə mübarizəni davam etdirəcək və “qanuni Suriya hökumətinə terrorla mübarizə səylərində kömək etməyə” davam edəcək.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR