Paşinyanın son “sülh açıqlaması”nın PƏRDƏARXASI: “Hazır deyil”

Paşinyanın son “sülh açıqlaması”nın PƏRDƏARXASI: “Hazır deyil”

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib ki, sülh sazişiylə bağlı Bakıya göndərdikləri təkliflərə cavab alıblar. Paşinyan Bakının cavabında sülh sazişinin imzalanması üçün irəliləyiş olduğunu desə də, əlavəsini unutmayıb: “Daha çox irəlilədikcə fundamental problemlərin sayı artır”.

 

Sfera.az –ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu deyib ki, Paşinyan Bakıdan aldığı cavabdan Azərbaycanın sülh sazişi vasitəsilə Ermənistana qarşı ərazi iddialarını reallaşdırmaq istədiyi qənaətinə gəlib:

 

“Yəqin Paşinyan Azərbaycanın Qərbi Zəngəzurun məşkunlaşdırılmasıyla bağlı siyasətini nəzərə tutub. O, bunu Ermənistana qarşı ərazi iddiası kimi qəbul edir. Halbuki, söhbət ərazi iddiasından deyil, azərbaycanlıların qovulduqları yerlərə qayıtmaq hüququndan gedir. Qarabağda ermənilər yaşayacaqlarsa, Qərbi Zəngəzurda da azərbaycanlıların yaşaması təmin olunmalıdır. Paşinyan bu ədalətli modelin əleyhinədr. Həmçinin Nikol Paşinyan hesab edir ki, Azərbaycan Ermənistanla sülh sazişi vasitəsilə “Dağlıq Qarabağda etnik təmizləmə mandatı” əldə etmək istəyir. Yəni Paşinyan demək istəyir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa, Qarabağda ermənilərin kütləvi köçü həyata keçiriləcək və bu halda İrəvan buna mane ola bilməyəcək. Paşinyan bu zaman “genosid” ifadəsini işlədib. Reallıqda Qarabağ ermənilərinin Azərbaycan qanunlarına tabe olması şərti mövcuddur”.

 

Ekspert bildirib ki, Paşinyan Azərbaycanla sülh sazişi imzalayacağı halda, bunun yerinə yetiriləcəyinə dair təminat tələb edib:

 

“O, bunsuz sənədin işlək olmayacağını bildirib və misal olaraq Azərbaycanın 2020-ci ilin 10 noyabr bəyanatına əks olaraq yolun “bağlandığını” göstərib. Paşinyan sülh sazişinə beynəlxalq təminat istəyir. Belə bir təminat Azərbaycanın maraqlarına zidd deyil, sadəcə Ermənistanla sülh sazişi 2020-ci il 10 noyabr üçtərəfli bəyanatından fərqli olacaq. Eyni zamanda Nikol Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliklərinin İrəvan üçün ilkin əhəmiyyət daşıdığını vurğulayıb. Belə çıxır ki, Paşinyan sənəddə Qarabağla bağlı müddəanın əks olunmasını fikrindən imtina etməyib.  Bu, Azərbaycanın maraqlarına ziddir.  Beləliklə, İkinci Qarabağ müharibəsi Nikol Paşinyana dərs olmayıb. Paşinyan sülh sazişini imzalamağa hazır deyil, vaxtı uzatmağa çalışır. Ancaq Ermənistanın Baş naziri vaxtı uzadarkən bölgədə müharibə riskinin artdığını da etiraf edib”.

 

Türkan
 


OXŞAR XƏBƏRLƏR