İran Azərbaycandan nə istəyir? – AÇIQLAMA

İran Azərbaycandan nə istəyir? – AÇIQLAMA

Son günlər İranın Azərbaycana qarşı təxribatları artır. Bir neçə gün bundan əvvəl Gəncənin İran şəhəri, Nizaminin fars şairi olması ilə bağlı İran rəsmilərinin açıqlamaları, sərhəddə İran təyyarəsinin uçması bu fikri bir daha təsdiq edir. 

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən deputat Ceyhun Məmmədov deyib ki, bir müddət bu təxribatlar müxtəlif formalarda davam edəcək:

 

“İranın yanaşması belədir: Tarixdə “Azərbaycan” adında dövlət olmayıb və nə vaxtsa Azərbaycan yenidən İranın nəzarətinə keçəcək. Bu gün bütün təbliğat bu məsələnin üzərində qurulub. Onların düşüncəsinə görə, yaxın vaxtlarda Azərbaycanda “Kərimə Dövləti” qurulacaq.  İran özünü bölgənin ağası hesab edir və düşünür ki, nə qədər absurd səslənsə də, bölgədə atılan hər bir addım onunla razılaşdırılmalıdır. Bu baxımdan Azərbaycanın İranın Ermənistanla sıx əməkdaşlığına qəti etirazı da onda ciddi qıcıq yaradır.  

 

İranın ölkəmizdən istədiyi digər bir məsələ İsraillə əməkdaşlığa son qoyulmasıdır. Onlar davamlı olaraq bu fikir yayır ki, guya İsrailin Azərbaycanda hərbi bazaları var və bu bazalar İran üçün ciddi təhdidlər yaradır.  Əslində burada əsas məqsəd heç bir dövlətin əleyhinə yönəlməyən Azərbaycan-İsrail əlaqələrinin inkişafının qarşısını almaqdır. Azərbaycan dəfələrlə açıq şəkildə bildirib ki, heç bir dövlətə onun ərazisindən İrana qarşı istifadə edilməsinə imkan verməyəcək”.

 

Millət vəkili həmçinin bildirib ki, Azərbaycan hüquq mühafizə orqanları həddən artıq ayıq-sayaq olmalı, dini fəaliyyət sahəsində islahatlar sürətləndirilməlidir:

 

“Çünki qarşı tərəf davamlı olaraq çevik və situativ addımlar ataraq əməliyyat şəraitini öz xeyrinə dəyişməyə çalışır və bəzi hallarda buna nail ola bilir. Odur ki, çox diqqətli olmalıyıq”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR