“Oscar” heykəlciyi niyə belə adlanır və necə hazırlanır? – Maraqlı detallar – FOTOLAR

“Oscar” heykəlciyi niyə belə adlanır və necə hazırlanır? – Maraqlı detallar – FOTOLAR

1929-cu ildən bəri ən yaxşı filmlər “Oscar” heykəlciyi ilə təltif edilir.

 

O, niyə “Oscar” adlanır. Heç kim dəqiq cavabı bilmir.

 

Sfera.az xəbər verir ki, bu barədə məşhur hekayələrdən biri budur - Kino Sənəti və Elmləri Akademiyasının kitabxanaçısı Marqaret Herrik heykəlciyi ilk dəfə görəndə onun əmisi Oscara oxşadığını deyib.

 

Aktrisa Bett Deyvis isə heykəlcik arxa tərəfdən birinci əri Harmon Oscar Nelsona bənzədiyi üçün ona Oscar adını verdiyini iddia edib. 


Hollivudun dedi-qodu yazarı Sidney Skolski də heykəlciyin adını qoyduğunu iddia edənlərdən biridir. O, 1934-cü ildə bunu Ketrin Hepbörnün “ən yaxşı aktrisa” mükafatını qazanması ilə bağlı yazısında ilk dəfə bu addan istifadə etdiyini bildirir. 


Təxminən 100 il keçsə də, heykəlciyi kimin adlandırdığına hələ də əmin deyilik. Ancaq onu kimin yaratdığına dair heç bir çaşqınlıq yoxdur. İlk “Oscar”ı MGM-nin art-direktoru Sedrik Qibbons dizayn edib, los-ancelesli rəssam Corc Stenli isə heykəli hazırlayıb. Bu, indiki kimi, film çarxında dayanan qılınclı cəngavər idi. Film çarxındakı beş dəndə Akademiyanın beş orijinal qolunu təmsil edir: aktyorlar, rejissorlar, prodüserlər, texniki işçilər və yazıçılar.


Heykəl qızılla örtülmüş bürüncdən hazırlanıb. Lakin İkinci Dünya Müharibəsi zamanı metal qıtlığı yarananda mükafat boyalı gipsdən hazırlanırdı (müharibədən sonra qaliblər bunu dəyişdirə bildilər). 1982-ci ildən etibarən heykəlcik britannia metalından hazırlandı; 2016-cı ildə material yenidən dəyişdi.

 

Hazırda heykəlcikləri Nyu-Yorkda, Rok Taverndəki UAP emalatxanasının baş meneceri Cek Coys hazırlayır. 

 

"Biz heykəlin həm orijinal, həm də daha müasir atributlarına malik olan yeni versiyasını yaratmağa çalışdıq", - Cek Coys deyir. 


Coysun sözlərinə görə, UAP-dan heykəlciyi orijinal əzəmətinə qaytarmaq və tarixini vurğulamaq istənilib.

 

“Akademiya bizə 1928-ci il tarixli orijinal heykəli və daha müasir versiyanı təqdim etdi. Biz hər ikisini 3D-skan etdik və sonra rəqəmsal rəssamlarımız hər iki heykəlin arzu olunan atributlarını vurğulamaq üçün Akademiya ilə birlikdə işlədilər".

 

Heykəlcik indi əvvəlki kimi qızılla örtülmüş bürüncdən ibarətdir və Stenlinin orijinal Art Deco heykəltəraşlığını əks etdirir. Hər bir heykəlcik 13,5 düym uzunluğunda, 8,5 funt ağırlığındadır – (təxminən bir qallon südlə eyni ağırlıqdadır).


"Onu əlinizə götürəndə çox ağır və əhəmiyyətli bir əşya olduğunu anlayırsınız. Bunlar hamımızdan daha uzun ömür sürəcəklər", - Coys qeyd edir.


Son bir neçə ay ərzində fotoqraf Kristofer Peyn Nyu-Yorkdan bir neçə saat şimalda yerləşən Rok Taverndəki UAP tökmə zavodundan başlayaraq heykəlciklərin necə hazırlandığını sənədləşdirib. 


"Mənim üçün maraqlı olan, hamımızın bildiyi, sevdiyi və tanıdığı bu fərqli formanı hazır məhsula qədər müxtəlif formalarda görmək idi", - deyə Peyn qeyd edir. 


Peyn sənaye fotoqrafiyasında ixtisaslaşıb və tez-tez qələmlər və ya pianolar kimi müxtəlif əşyaların necə hazırlandığı haqqında hekayələr üzərində işləyir. Onun sözlərinə görə, bu fotosessiyaların əsas problemi məhsul hələ formalaşarkən tanınan bir nəsnə göstərə bilməkdir. Amma bu, “Oscar” üçün keçərli deyildi:

 

"Heç bir qeyri-müəyyənlik yoxdur və bu qədər simvolik olan bir şeylə işləməyin gözəl tərəfi də elə budur”.

 

3D çap edilmiş modelə əsaslanan mum fiqurları Oskar heykəlciyinin hazırlanmasında ilk addımdır. UAP ildə təxminən 60 heykəlcik hazırlayır, Coysun dediyinə görə, onların hamısını istehsal etmək təxminən altı ay çəkir. Uzun proseslərdən sonra nəhayət əl işi və cilalanma mərhələsi gəlir. Hər şey dəqiq olmalıdır, çünki hər hansı bir qüsur daha sonra qızılla örtülmə mərhələsində diqqət çəkəcək.


Peyn heykəlciyin ilk forması ilə final mərhələsindəki arasındakı fərqi görəndə təəccüblənib:

 

"Sonda əldə olunan heykəlcik orijinaldan çox kiçik olur, çünki proses boyunca cilalanır və düzəldirilir”. 

 

Hər bir heykəlcik seriya nömrəsi də daxil olmaqla Akademiya ilə bağlı müxtəlif markalar alır və sonra Brooklində qızıl örtüklə məşğul olan tərəfdaşa – “Epner Technology”yə göndərilir. Heykəlciklər əvvəlcə mis, sonra nikel, daha sonra isə 24 karat qızılla üzlənir. 


"Tərəfdaşımızla çoxlu keyfiyyətə nəzarət səfərləri edirik, sonda heykəlləri buraya qaytarırıq və onlar bazaya yığılır. Ən sonda onlar Akademiyaya göndərilir”, - deyə Coys izah edir. 

 

UAP, həmçinin hər bir qalibin adı olan bürünc lentlər hazırlayır. Qalibləri əvvəlcədən bilmədiyi üçün hər bir namizəd üçün ad etiketləri hazırlanmalıdır. Şounu televiziyada izlədiyiniz zaman hər bir qalibə öz “Oscar”ının təqdim edildiyini görəcəksiniz. Əslində isə bütün heykəllər eyni olur, qalibin etiketi daha sonra səhnə arxasında əlavə olunur.

 

Müəyyən bir kateqoriya üzrə bərabərlik olması ehtimalına görə hər il əlavə heykəlciklər hazırlanır. İstifadə olunmayanlar növbəti il üçün Akademiyanın anbarına yığılır.

 

Parlaq qızılı "Oscar" heykəlciyinə heyran olmaq asandır. Peyn ümid edir ki, onun fotoşəkilləri onun hazırlanma prosesdəki gözəlliyi və ərsəyə gəlməsində rol oynayan sənətkarlığı kifayət qədər dolğun nümayiş etdirir.

 
"Mən həmişə gözəlliyi heç gözləmədiyimiz yerlərdə tapmağa çalışmışam, xüsusən də fabriklər, montaj fabrikləri və tökmə fabrikləri kimi ictimaiyyətin adətən görə bilmədiyi yerlərdə", - Peyn qeyd edir. 

 

Əslində bir çox cəhətdən “Oscar” heykəlcikləri də məşhur filmlərə bənzəyir: o da cazibədar son məhsuldur. Və onun da ərsəyə gəlməsi üçün çoxlu zəhmət və fədakarlıq tələb olunur; pərdəarxasında isə sehri reallaşdıran çoxlu istedadlı insanlar var.

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR