“Rusiya Sovet respublikalarına təsir gücünü itirir” - “The Guardian”

“Rusiya Sovet respublikalarına təsir gücünü itirir” - “The Guardian”

Rusiyanın Ukraynaya hücumu və burada uğursuzluqla üzləşməsi Sovet respublikalarından olan müttəfiqlərinin davranışında dəyişikliyə səbəb olub. 


Sfera.az xəbər verir ki, “The Guardian” üçün məqalə hazırlayan Endryu Rot bunu Moldova, Cənubi Qafqaz və Orta Asiya regionunda müşahidə etməyin mümkün olduğunu bildirib.


Endryu Rot ehtimal edir ki, son günlər Gürcüstanda baş verən aksiyalar da Rusiyanın zəifləməsinin əlamətidir. 


Sözügedən məqaləni ixtisarla təqdim edirik:


Ötən həftə gürcü etirazçılar “Xarici agentlər” haqqında qanununa qarşı ölkə parlamentinə yürüş edərkən onların əllərində Rusiyaya qarşı, onun avtokratiya və imperializm ruhunu pisləyən şüarlara rast gəlinirdi. Etirazçıların qarşı çıxdıqları qanun hakim “Gürcü Arzusu” partiyasına vətəndaş cəmiyyətini sıxışdırmaq və qarşıdan gələn seçkilərdə qalib gəlmək üçün şans verir. Lakin bu partiyanın Moskvaya yaxınlığı və adıçəkilən qanunun Rusiyada mövcud olan qanuna oxşarlığı etirazları coşdurmuşdu. 


Tiflis Dövlət Universitetinin professoru və Tiflisdə yerləşən Gürcüstan Siyasət İnstitutunun direktoru Korneli Kakaçianın fikrincə, etiraz aksiyasında məqsəd gürcülərə bu qanunun nəticəsinin nə olacağını göstərmək istəyidir. Onun sözlərinə görə Rusiya etibarlı tərəfdaş imicini itirməkdədir və bu səbəbdən keçmiş Sovet respublikaları Rusiyaya inanmır:

 

“Rusiyanın Ukraynaya təcavüzü İrəvandan Kişinyova, Tiflisdən Astanaya kimi bəzi ölkələrdə Rusiyanın təcavüzü qorxusunu artırdı və onlarda Moskvanın etibarlı tərəfdaş kimi rolunu yenidən qiymətləndirməyə məcbur etdi. Ukrayna hadisələri xüsusən Sovet İttifaqı dövründən sonra doğulan gənclər arasında Rusiyanın bölgədəki təsirinə qarşı daha sərt mövqe tutmaq tendensiyasını sürətləndirib. Artıq bu ölkələrdə Rusiya gücünü itirib. Rəsmi Moskva qonşuları ilə necə rəftar edəcəyini bilmir. Rusiyanın hərəkətləri bir çox cəhətdən əks nəticə verdi. Onun müttəfiqləri gördü ki, Ukrayna ABŞ-ın rəhbərlik etdiyi koalisiyadan görünməmiş hərbi yardım alır, Finlandiya və İsveç NATO-ya üzvlük üçün müraciət edir, Qərb Moskvaya qarşı sanksiyalar tətbiq etməkdə gözlənilməz mətanət nümayiş etdirdi.
Rusiyanın təhlükəsizlik zəmanətlərinə etibarın inkişaf etdirilməsi və Sovet İttifaqına nostaljinin aşılanması üçün uzun illər davam edən iş də Rusiyanın Ukraynadakı oyunu ilə sarsılıb”. 


Harvard Universitetinin Rusiya və Avrasiya Araşdırmaları üzrə Devis Mərkəzinin Orta Asiya üzrə proqramının direktoru Nərgiz Kassenova Qazaxıstan haqqında fikirlərini bölüşüb. O qeyd edib ki, Qazaxıstan üçün çətindir və bu ölkə hökmən Rusiyanın maraqlarını nəzərə almalıdır:

 

“Çünki çoxlu zəif cəhətləri var və onlar hər şeyi əhatə edir. Biz regiondan kənara çıxa bilmərik və biz əbədi olaraq Rusiyanın yanında yaşamalıyıq. Odur ki, biz bəzi daha əlverişli variantlar tapmalıyıq. Bu, asan deyil. Amma Ukrayna müharibəsi Rusiyadan qismən ayrılmaq üçün yaxşı şansdır”. 


Moskvanın diqqətinin Ukraynaya yönəlməsi Azərbaycanın da hərəkətlərinə təsir göstərib. 2022-ci ilin dekabrından azərbaycanlı etirazçılar Qarabağ bölgəsinə daxil olan yeganə quru dəhlizini bağlayıb və bu, orada ərzaq, elektrik enerjisi çatışmazlığına gətirib çıxarıb. 


Ermənistanın paytaxtı İrəvandakı Regional Tədqiqatlar Mərkəzinin rəhbəri Riçard Qiraqosyan deyib ki, Rusiyanın Ukraynaya uğursuz hücumu onu çaşdırıb:

 

“Rusiya Ermənistan-Azərbaycan, eləcə də Qarabağla bağlı diplomatik təşəbbüsü itirib. Lakin Ermənistan təhlükəsizlik, enerji və ticarət baxımından Rusiyadan ciddi şəkildə asılı olaraq qalır. Hətta bu asılılıq iki dəfə artıb. İndiki məqamda Rusiyanın ölkədəki təsirinə birbaşa meydan oxumaq “intihar olacaq”. Eyni zamanda, münasibətlər daha gözlənilməz hala gələ bilər. Çətinlik ondadır ki, Rusiya etibarsız qondarma tərəfdaşa çevrilib və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı fəaliyyətsizləşib”.


Rusiya bəzi xarici maraqlarından yayınmış kimi görünsə də, bəzi ölkələrə təzyiqləri artırıb. Moldovada Prezident Maya Sandu Rusiyanın dövlət çevrilişi planlaşdırdığı barədə xəbərdarlıq edib. Sandu keçən ay keçirdiyi mətbuat konfransında təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə çağırış edib. 


“Clingendael” İnstitutunun beyin mərkəzinin baş elmi işçisi, Moldova ilə bağlı ekspert olan Bob Din deyir ki, Rusiya Moldovada çoxlu siyasətçi ilə əlaqələr qurub. Bob həmin siyasətçilərin mediada geniş imkanlarının olduğunu və əhalinin əhəmiyyətli hissəsi arasında yüksək nüfuza sahib olduqlarınıı bildirib.

Müharibə Rusiyanın ən sadiq tərəfdaşlarından bəzilərinin daxil olduğu Orta Asiyanın digər ölkələrində də imicinə təsir edib. Qırğızıstanın paytaxtı Bişkekdə yerləşən Karnegi Beynəlxalq Sülh Fondunun əməkdaşı Temur Umarov deyib ki, əvvəllər bəzi insanlar üçün Rusiya nisbətən etibarlı tərəfdaş kimi görünürdü. Umarov Rusiyanın indi daha çox gözlənilməz bir ölkə kimi tanındığını və arzuedilməz tərəfdaşa çevrildiyini vurğulayıb:

 

“Orta Asiya ölkələrinin istədiyi, ikinci dərəcəli sanksiyalara məruz qalmamaq və bütün iqtisadi böhrandan mümkün qədər çox dividend əldə etməkdir.
Putin 2022-ci ildə Orta Asiyanın beş ölkəsinin hamısına səfər edib və buranın liderləri ilə 50-dən çox görüş keçirib. İndi Rusiyanı qərb istiqaməti bağlı olduğu üçün daha çox Orta Asiya maraqlandırır. Biz Rusiyadan daha çox diqqət, bütün Orta Asiya dövlətlərinə daha yüksək səviyyəli səfərlər görürük. Onların dünyası kiçilib və Orta Asiya onların işləyə biləcəyi yerdir”. 


Vasif


OXŞAR XƏBƏRLƏR