"Almaz imperatoru"nun çirkli pulları ilə bəslənən Avropa Parlamenti və Azərbaycana qarşı qərəzli qətnamə - ŞƏRH

Avropa Parlamenti martın 14-də Azərbaycana qarşı növbəti “qətnamə” qəbul etməyə hazırlaşır. 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq, Global Media və Siyasət Araşdırmaları İB-in eksperti Turan Rzayev deyib ki, bu dəfəki qətnamə də öncəkilər kimi obyektivlikdən və reallıqdan uzaq, böhtan xarakterlidir:

 

“Qətnamə layihəsinin ilkin mətnində Azərbaycanın, guya, Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun “blokada”da olması kimi iddialar, eləcə də hazırda de-fakto fəaliyyət göstərməyən “Minsk Qrupu”, “status”, “Dağlıq Qarabağda və ətrafında” kimi keçmiş, sərsəm və gündəlikdə ümumiyyətlə olmayan məsələlər qeyd edilib.

 

Birincisi, Azərbaycanın Ermənistana hərbi təcavüz etməsi iddiasının heç bir əsası yoxdur. Digər tərəfdən, bunu müəyyən etmək çox rahatdır. Peyk görüntülərini izləyərək iki ölkə arasında təyin edilməyən şərti sərhəddəki aktivliyi müşahidə etmək mümkündür.

 

İkincisi, Laçın yolunun “blokada”da olması kimi iddialar artıq çürüyüb. Az qala hər gün Azərbaycan kanalları başda olmaqla, sosial şəbəkələrdə Rusiya sülhməramlılarınına məxsus nəqliyyat vasitələrinin, habelə mülki ermənilərin bu yoldan sərbəst gediş-gəlişini əks etdirən görüntülər paylaşılır.  

 

Üçüncüsü, Qarabağdakı ermənilərə statusun verilməsi kimi məsələlərin Avropa Parlamenti səviyyəsində müzakirə edilməsi beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir. Bu, həm Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərinin pozulması, həm də suverenliyinə hörmətsizlikdir”.

 

Ekspert qeyd edib ki, Avropa Parlamenti son dövrlər ancaq korrupsiya cinayətləri və Azərbaycana qarşı qərəzli addımları ilə gündəmə gəlir:

 

“Yunanıstandan olan vitse-prezident Eva Kailinin milyonlarla dollar korrupsiya cinayətində ittiham edilməsi qurumun içində olduğu vəziyyəti əyani sübut edir. Digər tərəfdən Avropa Parlamentinin bir çox deputatının Avropa İttifaqı-Ermənistan dostluq qrupu üzərindən ciddi şəkildə maliyyə əldə etməsi faktları da mövcuddur. Bu məsələdə isə əsas diqqətçəkən şəxs ermənilərin “almaz imperatoru” adlandırdıqları milyarder Kaspar Karapetyandır. Belə ki, Avropa İttifaqı-Ermənistan dostluq qrupu Ədalət və Demokratiya uğrunda Ümumavropa Erməni Federasiyası (EAFJD) təşkilatı ilə sıx bağlıdır. Kaspar Karapetyan isə bu təşkilatın prezidentidir.

 

Kaspar Karapetyan AP-nin bir sıra deputatlarını sözün əsl mənasında dirijor çubuğu ilə idarə edir. Karapetyanın brilyant biznesindən qazandığı çirkli pullar bəzi deputatların gözlərini qamaşdırır.  Bu mənada Ermənistanın və erməni lobbisinin “konyak diplomatiyası"ndan gen-bol faydalanan Avropa Parlamentinin Azərbaycana “öyüd-nəsihət” verməyə mənəvi haqqı yoxdur”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR