Ən təhlükəli göz xəstəliyi: Yaşı 40-dan yuxarı olanların nəzərinə!

Ən təhlükəli göz xəstəliyi: Yaşı 40-dan yuxarı olanların nəzərinə!

“Qara su” kimi tanınan qlaukoma xəstəliyi oftalmologiyada ən təhlükəli göz xəstəliklərdən biri hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qlaukoma kataraktadan sonra korluğa səbəb olan xəstəliklər arasında ikinci yerdədir.

 

Sfera.az bildirir ki, bununla bağlı fikirlərini bölüşən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti İmran Cərullazadə deyib ki, qlaukomanın inkişaf riski 40 yaşdan yuxarı insanlarda olur:

 

“Lakin bu xəstəliyə gənclərdə və hətta körpələrdə də rast gəlinir. Qlaukoma görmə sinirinin və tor qişanın zədələnməsinə səbəb olur. Bu, göz içi təzyiqinin fərdi normadan artıq olması səbəbindən baş verir və zaman keçdikcə optik sinirin atrofiyasına gətirib çıxara bilər. Xəstəliyin riskini artıran amillər isə belədir: yüksək dərəcəli miopiya (yaxından görmə) və ya hipermetropiya (uzaqdan görmə); irsi meyllilik; göz zədələri; şəkərli diabet, hipertoniya, endokrin xəstəliklər;  müəyyən dərmanların (hormonal dərmanlar, antihistaminiklər, antidepresanlar və s.) uzunmüddətli istifadəsi”.

 

Mütəxəssis hansı hallarda vətəndaşların həkimə müraciət etməli olduğundan da söz açıb:

 

“Periferik və ya yan görmə itkisi zamanı - Bu, adətən, qlaukomadan görmə itkisinin ilk əlamətidir. İşıq mənbəyinə baxdıqda ətrafında rəngli halqalar görülərsə; gözlərin qızarması zamanı, göz ağrısı və baş ağrıları olanda - ən çox qapalı bucaqlı qlaukoma zamanı baş verir; ürəkbulanma və ya qusma - xüsusilə gözlərdə güclü ağrı ilə müşayiət olunarsa. Xəstəliyin erkən mərhələdə aşkar edilməsi, eyni zamanda görmə qabiliyyətini qorumaq üçün ildə bir dəfə profilaktik oftalmoloji müayinədən keçmək tövsiyə olunur”.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR