Bənövşəyi, çəhrayı, sarı… - Hansı rəng qidalar sağlamlığa daha faydalıdır?

Bənövşəyi, çəhrayı, sarı… - Hansı rəng qidalar sağlamlığa daha faydalıdır?

Artıq 20 yaşdan sonra beyin qocalmağa başlayır, ona görə də pəhrizinizə beyin üçün faydalı qidaları əlavə etməkdə gecikməməlisiniz. Doğru qidaları yemək idrakın yaxşılaşmasına, beyin yaşlanmasının yavaşlamasına və hətta demansdan qorunmağa kömək edə bilər.

 

Sfera.az xarici mətbuata istinadən bildirir k, beyin üçün faydalı olan qida maddələrinin çoxu çəhrayı, bənövşəyi və yaşıl rəngli qidalarda tapılır. Xüsusilə də, beyin hüceyrələrimizin bir-biri ilə əlaqə saxlamasına kömək edən omeqa-3 yağ turşuları ilə zəngin olan qızılbalıq tövsiyə edilir. 

 

2000-dən çox yetkin insanın iştirak etdiyi araşdırma, həftədə iki dəfə yağlı balıq yeməyin demans riskini 41 faiz azaltdığını göstərib. 

 

Avokado, tünd yaşıl yarpaqlı tərəvəzlər və soya paxlası kimi yaşıl qidalar da omeqa-3 ehtiva edir. Giləmeyvə, qırmızı kələm, göyərti, brokoli və çuğundur kimi bənövşəyi və tünd yaşıl məhsullarda isə beynə qan axınını artıran flavonoidlər yüksəkdir. 

 

Tədqiqatlar göstərir ki, bu birləşmələrlə zəngin olan qidalar yemək yaddaşı və öyrənməni yaxşılaşdırmağa kömək edir, eyni zamanda yaşla bağlı yaddaş itkisini yavaşladır.

 

Soyada olan B6 vitaminləri və ispanaq, kələm və noxudda olan folat (B9 vitamini) yaşlanma prosesilə mübarizə ilə yanaşı beynin yaxşı işləməsində də rol oynayır. 
Son tədqiqatlar səkkiz B vitamininin hamısının beyin hüceyrələrinin daha səmərəli işləməsini təmin etmək üçün birlikdə hərəkət etdiyini sübut edib. 
Gözlər üçün isə ən faydalı qidalar narıncı, sarı və yaşıl rəngdə olanlardır

 

Bəli, yerkökü yemək qaranlıqda yaxşı görməyə kömək edə bilər. Bunun səbəbi, yerkökünün digər narıncı və sarı meyvə və tərəvəzlərlə - balqabaq, manqo, qovun, şaftalı, nektarin, quru ərik və s. – birlikdə karotenoidlər adlanan yağda həll olunan piqmentlərlə zəngin olmasıdır. Bu piqmentlər bədəndə A vitamininə çevrilir. Vitamin A gözlərinizə işığın tam spektrini görməyə imkan verən piqmentlər istehsal etməyə kömək edir, həmçinin gözünüzün səthini sağlam saxlayır.

 

Sarı qidalar həm də karotenoid luteinin qaynağıdır. Bu, göz sağlamlığı üçün xüsusilə faydalıdır, çünki o, gözün zədələnməsinə səbəb ola biləcək mavi işığın qarşısını alır. 

 

Bu arada, avokado, xiyar, Brüssel kələmi, kələm, soğan, yaşıl bibər, noxud, yaşıl noxud, göyərtilərdən ispanaq, vəzəri  və s. göz üçün faydalı beta-karotin, luteinin, zeaksantinin digər mənbələridir. 

 

Tədqiqatlar lutein, zeaksatan və beta karotin ehtiva edən əlavələrin yaşa bağlı makula degenerasiyası riskini azaltmağa kömək edə biləcəyini göstərir. Bununla belə, orqanizm həblərdən karotenoidləri qidadan qəbul etdiyi qədər asanlıqla qəbul etmir.

 

Oynaq və sümük sağlamlığı üçün sarı, qırmızı və bənövşəyi…
 

Oynaqlarınızda problem varsa, ümidsiz olmayın. Somon və alabalıq da daxil olmaqla çəhrayı və qırmızı qidalar kömək edə bilər, çünki onlarda omeqa-3 yağ turşuları yüksəkdir.

 

Tədqiqatlar göstərib ki, ən yüksək omeqa-3-ə malik insanların bədənlərində iltihablı zülallar daha aşağı səviyyədədir.

 

Qırmızı və bənövşəyi rəngli giləmeyvələr
 

Moruq və qaragilə oynaqlardakı qığırdaqların əsas komponenti olan kollagenin əmələ gəlməsi üçün lazım olan C vitamini ilə zəngindir. Onlar, həmçinin iltihab əleyhinə güclü təsiri olan antosiyaninləri ehtiva edirlər.


Sübutlar göstərir ki, sarıkökün aktiv tərkib hissəsi olan curcumin, bəzi növ artrit və artrit vəziyyətləri ilə əlaqəli iltihaba səbəb olan immunitet sistemi tərəfindən istehsal olunan kimyəvi maddələri boğur.

 

Diz osteoartriti olan 367 insan üzərində aparılan bir araşdırma, sarıkökükn ağrıları azaltmaqda təsirli olduğunu göstərib. Dərmanlardan fərqli olaraq sarıkök istifadəsi daha az qarın ağrısı və narahatlığa səbəb olur. 

 

Ürək sağlamlığı üçün qırmızı, yaşıl və qəhvəyi…

 

Ürək və qan-damar xəstəlikləri vaxtından əvvəl ölümün əsas səbəbidir, lakin pəhrizinizi tənzimləyərək bunun qarşısını ala bilərsiniz. 

 

Avokado və zeytun yağı kimi yaşıl qidalar antiinflamatuar xüsusiyyətlərə malik mono doymamış yağlarla zəngindir. Bu yağlar həmçinin HDL olmayan (pis) xolesterini aşağı salaraq və qanda HDL (yaxşı) xolesterolu artıraraq xolesterol səviyyələrini tarazlaşdırmağa kömək edir.

 

Zeytun yağı olein turşusu və antioksidantlarda yüksəkdir və hipertoniyanın qarşısını alır, müalicə edir.

 

Soya, xolesterolu azaltmağa və ürək sağlamlığını yaxşılaşdırmağa kömək edən soya izoflavonları ilə zəngindir.

 

Pomidorlar likopenlə zəngindir, bu birləşmə bədəndə antioksidant rolunu oynayır, artıq sərbəst radikalları zərərsizləşdirməyə kömək edir, hüceyrələrə oksidləşdirici zərərin qarşısını alır və iltihabı azaldır ki, bu da ürək xəstəliklərinə müsbət təsir edir. 


Hər gün bir ovuc qoz-fındıq yeyin. Qoz-fındıq qanda xolesterinin azaldılmasına kömək edən mono doymamış yağların və lifin yaxşı mənbəyidir. Tədqiqatlar badamın müntəzəm istehlakının isə yüksək səviyyəli HDL (yaxşı) xolesterol ilə əlaqələndirir və bunun damarların tıxanmasına mane olduğunu göstərir.

 

Lalə
Sfera.az


OXŞAR XƏBƏRLƏR