Türk dövlətləri zəlzələdən sonra Türkiyəyə hansı yardımları edib? 

Türk dövlətləri zəlzələdən sonra Türkiyəyə hansı yardımları edib? 

2023-cü ilin fevralın 6-da Türkiyədə baş verən güclü zəlzələdən sonra türk respublikaları həmrəylik nümayiş etdiriblər.


Sfera.az “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, türk respublikaları arasında ən böyük yardımı və dəstəyi Azərbaycan göstərib. 


Agentlik yazır ki, Azərbaycan qardaş Türkiyəyə kömək etmək üçün səyləri səfərbər edən ilk ölkələr sırasındadır. Rəsmi Bakı fəlakət zonasına 867 xilasedici və həkim göndərib. Azərbaycanlı xilasedicilər Türkiyəyə zəlzələdən sonrakı ilk gündə gəliblər. Axtarış zamanı onlar dağıntılar altından 53 nəfəri xilas ediblər. Bundan əlavə, Azərbaycan zəlzələdən zərər çəkmiş əyalətlərə 10 min çadır, 2500-ə yaxın generator, 20 mindən çox qızdırıcı, 32 min ədyal, 3 min tona yaxın ərzaq göndərib. Ümumilikdə Bakı Türkiyəyə 15 təyyarə, 365 yük maşını və 25 qatar humanitar yardım göndərib. 


Bundan başqa Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) təcili tibbi yardım maşınlarını, yanğınsöndürmə briqadalarını, Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) texnikasını pulsuz yanacaqla təmin edib. Azərbaycanda yardım toplama kampaniyalarının təşəbbüskarları “Birlik və Həmrəylik Platforması: Türkiyə Yüzyılı”, “Qardaş Yardımı” ictimai birlikləri və “Heydər Əliyev Fondu” olub. 


Zərər çəkmiş rayon sakinlərinə kömək məqsədilə Azərbaycandan xüsusi hesaba 15 milyon dollara yaxın vəsait də köçürülüb. 


Qazaxıstan da Türkiyəyə ilk yardım əlini uzadan ölkələrdəndir. Prezident Qasım-Jomart Tokayevin tapşırığı ilə hökumət Türkiyəyə 1 milyon dollar məbləğində maliyyə yardımı göstərib, həmçinin təbii fəlakət zonasına ümumi çəkisi 55 ton olan humanitar yüklər göndərib. Türkiyənin Astanadakı səfirliyi xüsusi bank hesabı açıb və bu hesaba 15 milyon dollara yaxın vəsait köçürülüb. Toplanan bütün vəsait AFAD-ın hesablarına köçürülüb. Qazaxıstanın təşkilatları və sadə sakinləri də Türkiyəyə dəstək üçün humanitar aksiyalarda iştirak ediblər. Onlar 500 ton humanitar yardım toplayıb, həmçinin təbii fəlakətdən zərər çəkən ərazilər üçün 100 ənənəvi qazax “yurd”u alıb. Qaziantep, Nurdağı və Hatayda xilasetmə əməliyyatlarında yüzə yaxın mütəxəssisin daxil olduğu Qazaxıstandan olan axtarış-xilasetmə qrupu iştirak edib. Qazaxıstan xilasediciləri dağılmış binaların dağıntıları altından 7 nəfəri xilas edib, həmçinin 10-u uşaq olmaqla 88 nəfərin meyitini çıxara biliblər. 


Özbəkistanlı aşpazlar təbii fəlakət zonasının 10 min sakini üçün yemək hazırlayıblar. Türkiyədə baş verən təbii fəlakətdən qısa müddət sonra Özbəkistanda Türkiyənin zərər çəkmiş əyalətlərinin sakinləri üçün yardım toplama kampaniyasına start verilib. Kampaniya Türkiyənin Daşkənddəki səfirliyi tərəfindən koordinasiya edilib. O, Özbəkistan Ticarət və Sənaye Palatasının nəzdində fəaliyyət göstərən Gənclik - Gələcəyimiz Fondu, həmçinin Özbəkistan-Türkiyə İş Adamları Assosiasiyası (UTİD) və digər təşkilatlar tərəfindən dəstəklənib. Martın 5-nə olan məlumata görə, kampaniya 600 000 dollardan çox ianə toplayıb.
Özbəkistanlılar həmçinin 600 ton humanitar yardım da toplayıblar. Yardımların tərkibində dərmanlar, generatorlar, çadırlar, yeməklər, paltarlar, ayaqqabılar, ədyallar, yataq dəstləri və s. daxildir. Özbəkistan təbii fəlakət zonasına 100 axtarış-xilasetmə qrupu, həmçinin 71 hərbi həkim göndərib. 
Özbəklər Türkiyədə olduqları müddətdə 18 nəfəri xilas ediblər. 


Qırğızıstan təbii fəlakət zonasında 124 çadır qurub və 55 ton humanitar yardım toplayaraq Türkiyəyə çatdırıblar. Ölkənin Maliyyə Nazirliyi Türkiyədə təbii fəlakət zonasının sakinlərinə kömək məqsədilə xüsusi hesab açıb. Martın 6-na respublika sakinləri ora 1,1 milyon dollardan çox vəsait köçürüblər. 


Türkmənistan da Türkiyənin zərər çəkmiş sakinləri üçün yardım toplama kampaniyası təşkil edib. Yerli QHT-lərin və Türkiyənin Aşqabaddakı səfirliyinin koordinasiyası ilə Türkiyəyə 8 mindən çox ədyal, 380 çarpayı, 20 generator, 60 qızdırıcı, 6 səyyar tualet, 11,2 ton paltar, 44,4 ton tibbi ləvazimat və 67 ton ərzaq göndərilib. 


Qeyd edək ki, Türkiyədə baş verən zəlzələlərdən sonra 101 ölkə yardım təklif edib, 90 ölkədən 11 mindən çox axtarış-xilasetmə qrupu fəlakət bölgəsinə gəlib. Ölkəyə 179 mindən çox çadır və 2076 yaşayış konteyneri gətirilib. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR