“Netanyahu dünyanı İranla üz-üzə qoymağa çalışır” - Politoloq

“Netanyahu dünyanı İranla üz-üzə qoymağa çalışır” - Politoloq

İsrailin Baş naziri Binyamin Netanyahu İrana nüvə silahı əldə etməyə icazə verilərsə, dünyada nüvə müharibəsinin başlayacağı haqda bəyanatla çıxış edib. Onun sözlərinə görə, bu, dünyanı dəyişəcək və hər kəs üçün böyük problem olacaq.

 

Netanyahu eyni zamanda dünya ölkələrini İrana qarşı sanksiyalara çağırıb.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Tofiq Abbasov bu məsələdə İranla bağlı qeyri müəyyənliyin olduğunu bildirib:

 

“Benyamin Netanyahu bundan əvvəlki hakimiyyəti dövründə də bütün dünyanı İranla üz-üzə qoymağa çalışırdı. Lakin biz gərək İsrailin daxilində olan vəziyyətə də fikir verək. Orada son dərəcədə barışmaz müxalifət var və onlar daim bir-birlərini həm tənqid edir, həm də səhvlərini ortaya çıxarırlar. Düzdür, İran məsələsində İsrail müxalifətinin mövqeyi də iqtidarla eynidir, amma mən elə başa düşürəm ki, bu alqoritm Netanyahuya yeni dividentlər gətirmir. Bütün dünyaya da bəllidir ki, İsrail ABŞ-la İranı hərbi toqquşmaya sövq etsə də, bu alınmadı. Çünki 2014-15-ci illərdə Pentaqonun İranla bağlı məruzəsi var idi və orada Pentaqonun sifarişi ilə hərbi kəşfiyyat, hərbi ekspertlərlə birgə məruzə hazırlanmışdı, orada birmənalı olaraq deyilirdi ki, İrana qarşı hərbi qarşdıruma böyük fəlakətlə nəticələnə bilər. Çünki bunun üçün ən azı 800 min, yaxud 1 milyon arası hərbi kontingent lazımdır, digər tərəfdən müharibə başlayacağı təqdirdə İranın hansı assimetrik, hibrid üsullardan istifadəsi məlum deyildi”.

 

Ekspert Ayətullah Xomeyninin nəsihətinin nəzərə alınacağı təqdirdə vəziyyətin stabilləşəcəyinə diqqət çəkib:

 

“İranın dünyadakı casus şəbəkəsi çox geniş və kifayət qədər güclüdür. Bunu ABŞ nümunəsində də görə bilərik. Buna baxmayaraq, İsrailin baş naziri çalışır ki, mümkünsüzü mümkün etsin. Xüsusilə bu yaxınlarda ABŞ Kəşfiyyat Xidmətinin rəhbəri açıq-aşkar bildirdi ki, İranda hələlik nüvə silahı ilə bağlı araşdırmalar, fəaliyyət dayandırılıb və bu, onları qane edir. Görünür, Netanyahunun bu fəallığı bu bəyanatdan sonra ortaya çıxıb. O çalışır ki, ABŞ rəhbərliyini inandırsın ki, onlar yanlış nəticəyə gəliblər. Amma inanmıram ki, yaxın zamanlarda İranda nüvə silahı üzə çıxsın. Ola bilər ki, onlar bu istiqamətdə məxfi fəaliyyətlərini davam etdirirlər. Amma vaxtilə İslam İnqilabının lideri Ayətullah Xomeyni hakimiyyətdə olanda bildirmişdi ki, onlar nüvə silahından istifadə edə bilməz, bu, Allah qanununa ziddir. İndi bilmirəm, xələfləri onun nəsihətlərini nə dərəcədə  nəzərə alacaq. Amma məlumdur ki, dünya gücləri zaman-zaman bu cür açıqlamalar verməklə hadisələrin gedişatını dəyişdirmək istəyirlər”. 

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR