Gürcüstanın Aİ və Rusiya qarşısında sınağı: "Moskva Tbilisiyə təzyiq göstərəcək"

Gürcüstanın Aİ və Rusiya qarşısında sınağı:

“Xarici agentlər haqqında” qanun layihəsi Gürcüstan parlamentindən geri götürülüb. Bu barədə qanun layihəsinin təşəbbüskarı olan hakim “Gürcü arzusu”nun, “Xalqın Gücü” ictimai hərəkatının və parlament çoxluğunun birgə bəyanatında qeyd olunub.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, sözügedən addım gözlənilən idi:

 

“Qanun layihəsi geri götürülməli idi, əks halda, etirazlar daha da güclənə bilərdi. Bu isə ölkə daxilindəki sabitliyə zərbə vuracaqdı. Parlamentarilərin qanun layihəsini geri götürməsi, yəqin ki, daha çox bu reallıqla bağlı oldu. Amma bundan sonra Moskva ilə Tbilisi arasında münasibətlərin gərginləşməsi, Rusiyanın Gürcüstana təzyiq göstərməsi mümkündür. Gürcüstan müxalifətindən bildirilib ki, qanun layihəsinin geri götürülməyinə baxmayaraq, aksiyalar davam edəcək. Əlbəttə, belə də olmalıdır. Əks halda, qanun layihəsinin yenidən gündəmə gəlməsi üçün şərait yarana bilər. Hökumət xalqın müqavimətini və əzmkarlığını görməlidir”.

 

Ekspertin fikrincə, Gürcüstandakı son hadisələr göstərir ki, Rusiyanın bu ölkə ilə bağlı yeni layihəsinin olması ehtimalı böyükdür:

 

“Qeyd edilən qanun layihəsi Gürcüstanda Avropa İttifaqı ilə Rusiyanın rəqabətini artıracaq. Burada sözügedən qanun layihəsi qəbul olmaz və yaxın zamanda sabitlik təmin olunarsa, bu, ölkənin Aİ-yə üzvlüyü istiqamətində növbəti addımı, daha bir maneəni dəf etməsi olacaq”.

 

Xatırladaq ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. 

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR