“Suşi terroru”na görə polis 3 nəfəri saxladı – Restoranlar bağlanır

“Suşi terroru”na görə polis 3 nəfəri saxladı – Restoranlar bağlanır

Yaponiyada fevral ayında başlayan və getdikcə artmaqda olan qeyri-gigiyenik suşi zarafatlarına görə polis 3 nəfəri saxlayıb.
 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, gigiyenanın son dərəcə sərt qaydalarla tətbiq edildiyi Yaponiyada “suşi terroru” adlandırılan zarafatlara görə restoran sənayesi böhran yaşayır. 


Belə ki, bəzi şəxslərin lentli konveyerdə fırlanan suşiləri yaladıqdan sonra təkrar yerinə qoyduğu və ya turşu zəncəfil qabına siqaret kötükləri atdığı anların videoları sosial şəbəkələrdə yayılıb. Bu cür videoların sayının artması restoranları hərəkətə keçirib. Özünəxidmət restoranları əlavə tədbirlər görməli olub, bəziləri isə bağlanmaq qərarına gəlib.

 
“Kura Sushi” restoranlar şəbəkəsi dünən mətbuata açıqlama verərək Aiçi rayon polisinin onların restoranında bu cür zarafatlar edən 3 nəfəri saxladığını bildirib. Restoranın səlahiyyətliləri müştərilər üçün etimad əsaslı xidmətlərini sarsıdan hərəkətlərin cinayət olduğunu vurğulayıblar. 

 

Suşi restoranları şəbəkəsi “Choushimaru”dan isə bildirilib ki, aprelin 26-dan etibarən konveyer xidmətini tamamilə dayandırıb başqa üsula keçəcəklər.

 

Qeyd edək ki, Yaponiyada bir çox suşi restoranında məhsullar lentli konveyerin üzərinə yerləşdirilir və masalarda əyləşən müştərilər yanlarına gələn suşilərdən özünəxidmət üsulu ilə istədiklərini alırlar.

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR