Ərdoğan Putinlə Zelenskini İstanbulda görüşdürmək istəyir – “İnanmıram...” 

Ərdoğan Putinlə Zelenskini İstanbulda görüşdürmək istəyir – “İnanmıram...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn ay İstanbulda Vladimir Putin və Volodimir Zelenski arasında görüş təşkil etmək niyyətindədir.

 

Bunu Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Çağrı Erhan "Lenta.ru"ya müsahibəsində bəyan edib.

 

Maraqlıdır, tərəflər arasında görüşün həyata keçirilməsi nə dərəcədə real görünür?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri Ərdoğanın bu niyyətinin reallaşmayacağını deyib. O, Rusiyanın ağır şərtlər altında danışıqlara razı olduğunu və bu şərtlərin Ukraynaya uyğun olmadığını bildirib:

 

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hər iki ölkədə etimadı olduğu üçün müharibənin əvvəllərindən sülh çağırışları edib. Lakin bu məsələdə Ərdoğana əngəl ola biləcək bir çox məqamlar var və bu məqamlar Rusiyanın imperiya siyasəti ilə də bağlıdır. Çünki Ərdoğan Ukrayna və Rusiyanı gözləyən gələcəyi onlara bildirmiş olsa da, görünən odur ki, ciddi nəticələr yoxdur. Düzdür, müəyyən dərəcədə humanitar yöndə, xüsusilə əsirlərin dəyişdirilməsi, taxıl tədarükü kontekstində müsbət nəticələr var. Ancaq müharibənin dayandırılması ilə bağlı çağırışlar müsbət nəticə vermir, çünki Rusiya öz niyyətindən imtina etmək düşüncəsində deyil. Rusiya o halda sülhə hazırdır ki, Ukrayna işğal edilən ərazilərin Rusiyaya qalmağına razılaşsın. Bu da Ukrayna torpaqlarının 20 faizinin işğal olunması anlamına gəlir və Zelenski buna getməz. Çünki Ukraynada 200 minə yaxın əsgər tələf olub, Ukraynanın böyük şəhərləri darmadağın edilib. Bütün bu itkilərə rəğmən Rusiyanın şərtlərinin ödəniləcəyi şərti ilə müharibənin dayandırılması mümkün deyil. Digər tərəfdən, Zelenskiyə müharibəni davam etdirməyə yardım edən Qərb dünyası var. ABŞ hələ də Rusiyaya yönəlik hədəflərinə tam olaraq çatmadığı üçün müharibənin davam etməsində maraqlıdır. Buna görə də mən aprel ayında prezidentlər arasında görüşlərin baş tutacağına inanmıram".

 

Politoloq  Rusiyanın yaz aylarına, Ukraynanın isə yay aylarınadək böyük planlarının olduğunu qeyd edib:

 

"Zelenski bəyan edib ki, Putinlə görüşməyəcək və onun əvəzinə kimsə gələrsə, həmin şəxslə görüşəcəyini dövlət səviyyəsində bildirib. Bundan əlavə, başqa xüsuslar var. Rusiyanın yenidən toparlanmaq əsasında 300 000 nəfərlik ehtiyat qüvvələri var. Bu insanlara xeyli müddətdir təlim keçirilir. Bu da Rusiyanın yeni, böyük hücumundan xəbər verir. Bu hücumların hədəfində əsasən Donbass vilayəti, Donetsk və Luqanskın inzibati sərhədlərinə çatmaq  məqsədi var. Bu proses isə artıq başlayıb. Ola bilsin ki, Ukraynanın cənubundan, Belarus istiqamətindən də hücumlar olsun.

 

Ukrayna isə müdafiə olunmaqla Rusiya ordusuna ciddi itkilər verməkdədir. Ona görə mümkündür ki, yaz aylarında Ukrayna aldığı artilleriya qurğuları hesabına yeni hücuma keçməyi planlaşdırır. Bu əks hücum baş tutarsa, yüksək səviyyəli hazırlıqlı ordu qarşıya qoyulan hədəflərə çata bilərsə, düşünürəm ki, yay aylarının sonlarına qədərə Ukrayna ordusu 2022-ci il fevral ayında rus işğalı başlayan dövrə qədər Ukraynaya yerləşən rus qoşunlarını ölkədən çıxara bilər. Belə bir şans mövcuddur. Bu cür hədəflər olduğu halda Zelenski Putinlə görüşməyəcək".   

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR