“İran zəhərlənmələrdən silah kimi istifadə edir” - Müharibə Araşdırmaları İnstitutu

“İran zəhərlənmələrdən silah kimi istifadə edir” - Müharibə Araşdırmaları İnstitutu

“Yaxın həftələrdə İran rejimi təhlükəsizlik tədbiri kimi zəhərlənmələrdən daha çox istifadə edəcək”.

 

Bu iddia ilə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu çıxış edib. Digər tərəfdən İran İslam İnqilab Keşikçilərinə (Sepah) bağlı “Təsnim” xəbər agentliyi iddia edib ki, ölkədəki zəhərlənmə iğtişaşları qızışdırmaq məqsədi daşıyır: “Həmçinin zəhərlənmə kampaniyasının etiraz qruplarını sıxışdırmaq üçün bəhanə kimi istifadə olunacağı da gözlənilir”.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, İranda ötən ilin sentyabrından bəri davam edən aksiyalarda ikinci mərhələ başlayıb:

 

“Qərbin dəstəyi olmasaydı, etirazlar bu qədər uzun çəkməz, mütəşəkkil olmazdı. ABŞ Müharibə Araşdırmaları İnstitunun yaydığı məlumat həm də informasiya savaşının tərkib hissəsi kimi qiymətləndirilməlidir. Qərb mediası zəhərlənmələrin birbaşa hakimiyyət tərəfindən idarə olunmasına dair rəy yaratmağa çalışır. Əlbəttə, bu versiya tamamilə mümkündür. İllər boyu öz xalqına zülm verən molla rejiminin bu addımı atması heç də təəccüblü deyil. Amma əgər iqtidar məqsədyönlü şəkildə xalqını zəhərləyirsə və bunun nəticələrini gözə alırsa, deməli, doğrudan da rejimin durumu ağırdır”.

 

Müsahibimiz qeyd edib ki, yaxın zamanlarda etirazlar daha da güclənəcək və həmçinin, həbslərin artacağı gözləniləndir:

 

“Bu proseslər isə rejimin dayaqlarını getdikcə zəiflədir. Gələcəkdə etirazların növbəti dalğasının başlanması, o cümlədən iqtisadi böhranla bağlı yeni aksiyaların keçirilməsi mümkündür. Bu isə molla rejiminin devrilməsi ilə nəticələnə bilər”.

 

Xatırladaq ki, İranda tələbə qızların kütləvi zəhərlənməsi fevralın 15-dən başlayıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR