ABŞ-də faizlər gözləniləndən çox artırılacaq

ABŞ-də faizlər gözləniləndən çox artırılacaq

ABŞ-da inflyasiyanın sürətinin yüksək olması səbəbindən faizlər gözləniləndən çox artırılacaq. 


Sfera.az xəbər verir ki, belə bir açıqlama ilə ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauel ABŞ Senatının Bank Komitəsində çıxış edib. 


Pauel bildirib ki, inflyasiya gözləniləndən yüksək olduğundan faiz dərəcələrinin artırılması da proqnozlaşdırılandan artıq olacaq.   


FED rəhbəri faizlərin artırılmasını iqtisadi göstəricilərin güclü olmasının da tələb etdiyini qeyd edib. Onun sözlərinə görə iqtisadi aktivliyin hələ də yüksək olması qiymət artımlarının zəifləməsini gecikdirir. 


Pauel deyib ki, FED-in hədəfi ABŞ-da inflyasiyanı 2 faizə endirməkdir. Bunun üçün hələ uzun zamanın tələb edildiyini vurğulayan FED rəhbəri məqsədlərinə çatmaq üçün faizləri artırmağın vacib olduğuna işarə edib. 


Xatırladaq ki, ötən il yüksək inflyasiyanı cilovlamaq üçün faizlər 0-0,25 səviyyəsindən 4,5-4,75 səviyyəsinə çatdırılıb. Amma buna baxmayaraq ABŞ-də illik inflyasiya 8-9 faizdən 6-7 faizə düşüb. Faizlərin bir neçə dəfə artırılmasına baxmayaraq inflyasiyanın cəmi 1-2 faiz bəndi düşməsi ondan xəbər verir ki, ABŞ-də tələb hələ də güclüdür. Tələbin güclü olmasına isə məşğulluğun artması, ev təsərrüfatlarının xərclərindəki artım, istehsal göstəricilərinin yüksək olması səbəb olub. 

Əgər FED rəhbərinin vurğuladığı kimi ABŞ-də faiz artımları davam edərsə, bu, dolların bahalaşmasına kömək edəcək, qızıl və qiymətli metalların, həmçinin bir çox əmtəənin, o cümlədən neft qiymətlərində aşağı doğru meyillənmə baş verəcək.

Vasif


OXŞAR XƏBƏRLƏR