2023-cü ilin aksesuar trendi: Romantik bahar... - FOTOLAR

2023-cü ilin aksesuar trendi: Romantik bahar... - FOTOLAR

Payız kolleksiyalarının yayda və yay dəbinin payızda nümayiş olunduğu bir sənayedə hər defile gələcəyə göndərilən zaman kapsulu rolunu oynayır. 7 ay öncədən bu bahar necə geyinəcəyimiz və qarderobumuza nələr əlavə edəcəyimiz bəlli olmuşdu. Bəlkə də aramızda həmin tendensiyaları unudanlar var. Bahar yaxınlaşır və bizim arzu etdiyimiz əşyalar artıq mağazalardadır. Deməli, alış-veriş vaxtıdır!

 

Sfera.az "Vogue.com"a istinadən bildirir ki, 2023-cü ilin bahar-yaz aksesuar dəbində neo-minimalizm, fantastik və funksional aksesuarların mükəmməl birləşməsi, romantik praktiklik hakim olacaq. 

 

Həsir şlyapalar 

 

Bu mövsüm klassik həsir günəş şlyapaları həddindən artıq böyük ölçüdə qarşımıza çıxacaq. “Max Mara” və “Jacquemus” brednlərinin təqdim etdiyi modellər buna nümunə ola bilər. “Adam Lippes”in “Esenshel” ilə birgə dizaynları isə hüncdürlük baxımından diqqətə layiqdir. Bir sözlə, həsir şlyapa alarkən böyük ölçülü, geniş kənarlı modellərə üstünlük verin. 

Böyük kəmərlər

 

Kəmər həmişə vacib aksessuarlardan olub. Bu mövsüm sadə kəsimli, lakin iriliyi ilə diqqət çəkən kəmərlər ön planda olacaq. Kəmərlərdəki qızılı və gümüşü detallar isə göz qamaşdıracaq. 

Romantik güllər

 

Bahar deyəndə hamımızın ağlına gül-çiçəyin gəlməsi təsadüfi deyil. Bu tendensiya dəbdə də öz əksini tapır. Gül formasında, üçölçülü döş sancaqları mövsümün ən trend aksessuarı hesab olunur. Çiçək motivinə yad olmayan “Chanel” və “Prada” da bu trendddən yan keçməyib. 

Cib, yoxsa çanta?

 

Forma və funksiya baxımından ciblə bel çantası arasında qalmış kisələr mövsümün qeyri-adi aksessuarları arasında yerini alır. “Miu Miu”, “Ferragamo”, “Fendi” bu aksessuarın fərqli istifadə alternativlərini nümayiş etdiriblər. 

Dünyaya qara eynəklərdən baxmaq

 

Bu qədər romantikanın, rəngarəngliyin arasında mövsüm üçün ən dəbli eynəklərin məhz qara rəngli olmaları maraqlıdır. “Prada”, “Saint Laurent” və “Tom Ford” bu axıma öncülük edir. 


Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR