Toylarda niyə zəhərlənirik? – Ekspert diqqət etməli olduğumuz məqamlardan danışdı

Toylarda niyə zəhərlənirik? – Ekspert diqqət etməli olduğumuz məqamlardan danışdı

Ötən həftə Beyləqanda baş tutmuş toyda paytaxt salatından zəhərlənən 21 nəfər xəstəxanaya yerləşdirilib. Ümumiyyətlə məclislərdə, xüsusilə də rayonlardakı toylarda bu kimi hallar mütəmadi olaraq müşahidə edilir. Artıq toylarda təqdim edilən qidaların təhlükəsizliyi ilə bağlı vəziyyət çoxlarını narahat edir.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən qida məsələləri üzrə ekspert Ağa Salamov deyib ki, Azərbaycanda toyxanalara, restoranlara nəzarət sistemi demək olar yoxdur:

 

“İctimai-iaşə müəssisələri öz daxili qanunları ilə (mətbəx, xidmət, zal üzrə və.s) işləyir. Məsələn, mayonezli məhsullar, mimoza, toyuq, paytaxt salatları riskli qidalardır və zəhərlənməyə gətirib çıxara bilir. Sözügedən müəssisələrin soyuq qəlyanaltıların hansı otaq temperaturunda hazırlanması ilə bağlı bilgiləri yoxdur. Havalandırma sistemi olmayan yerdə və isti mühitdə emal prosesi gedir. Təəssüf ki, bu emal prosesi də uzun vaxt alır. Bəzən mayonez, ət məhsulları saatlarla otaq temperaturunda qalır və bu da mikrobioloji çirklənməyə yol açır. Təəssüf ki, salatlar hazır olan kimi də soyuducuya qoyulmur – saatlarla otaq temperaturunda hazırlanır, qalır, daha sonra qablara paylaşdırılaraq toy iştirakçılarına təqdim olunur. Axşama qədər zalda qalan bu riskli məhsullar kütləvi zəhərlənməyə gətirib çıxarır”.

 

Müsahibimiz bildirib ki, bəzən qida zəncirindəki qırılmalar bazardan başlayır:

 

“Məsələn, aşpaza gətirilən ət, toyuq məhsulları ağırlaşmış, yəni bazardan alınandan sonra bir müddət maşında və ya başqa yerdə saxlanılan, vaxtı keçmiş məhsullar olur. Buna baxmayaraq, belə məqamlara məhəl qoyulmur və yeməklər bişirilərkən həmin məhsullardan istifadə edilir. Bu da qida zəhərlənməsinə yol açan amillərdən biridir. İctimai-iaşə müəssisələrində, xüsusilə də şadlıq evlərində, restoranlarda məhsulların mənşəyi bəlli olmalı, tədarükçülər onların hardan alındıqlarını, saxlanma şəraitini bilməlidirlər. Bu da restoran müdirinin marağında olmalıdır. Digər tərəfdən, mətbəxdə emal prosesi tez bitməli, soyuq məhsulların hazırlandığı otaqda temperatur 20 dərəcədən yuxarı olmamalıdır. Sərin temperaturda olan otaqda emal prosesi 2 saat ərzində bitməlidir. Şadlıq evlərində çalışan əksər aşpazların heç peşə təhsili də yoxdur. Onlar qaydaları bilmir, öz üzərlərində çalışmırlar. Sahibkarlar da bu məsələlərə dırnaqarası yanaşırlar”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR