Sülhməramlılara ittiham: “Necə olur ki, silah daşınır və bunun qarşısı alınmır?”

Sülhməramlılara ittiham: “Necə olur ki, silah daşınır və bunun qarşısı alınmır?”

Xəbər verdiyimiz kimi, Ermənistan Silahlı Qüvvələri Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən atəşə tutub.

 

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri istiqamətində yerləşən mövqeləri də hədəf alınıb. Ötən gün erməni təxribatı nəticəsində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu şəhid olub.

 

Maraqlıdır, erməni təxribatlarının aktivləşməsi nədən xəbər verir? Sülhməramlıların nəzarət etməli olduğu ərazidə bu cür hadisələrin yaşanmasında Rusiyanın təsiri nə qədərdir?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən ehtiyatda olan polkovnik Şair Ramaldanov təxribatların davam edəcəyini deyib. Müsahibimizin sözlərinə görə, təxribatlar xarici qüvvələrin diqtəsu ilə həyata keçirilir:

 

“Bu və digər formada təxribatlar gözləniləndir. Çünki Ermənistanın hərbi-siyasi rəhbərliyinin qeyri-konstruktiv mövqeyi, sülh müqaviləsindən qaçması regionda inkişafa, sülhə doğru yox, münasibətlərin pisləşməsinə səbəb olur.  Belə olan halda istər Ermənistanın daxilində, istərsə də xaricində olan qüvvələr burada gərginlik yaratmaq üçün müəyyən addımlar atır və ata bilər. Regionda gərginlik yaratmaqla bu bölgəyə başqa oyunçuların cəlb edilməsi, Azərbaycan-Ermənistan münaqişəsinin qloballaşdırılması hədəfi var. Bu isə Azərbaycanın maraqlarına ziddir.  Azərbaycan Müdafiə Nazirliyinin tez-tez təxribatların baş verdiyi bölgələrdə olması da təsadüfi deyil, biz təxribatların olacağını müəyyən edirik. Düşünürəm ki, Ermənistanın rəhbərliyi rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində gərginliyi artırmaq niyyətindədir. Bundan əvvəl məlumatlar var idi ki, erməni təxribatçılar sülhməarmalıların nəzarətində olan ərazilərdə postlar qurur, möhkəmlənirlər. Təbii ki, bu, elə-belə hal deyil”.

 

Ş.Ramaldanov Azərbaycanın antiterror əməliyyatı həyata keçirə biləcəyini və Azərbaycan Ordusunun hazır vəziyyətdə olduğunu da deyib:

 

“Hələ ki, 10 noyabr sənədinin 4-cü bəndi yerinə yetirilməyib, Azərbaycanın ərazisindəki qanunsuz silahlı qüvvələr var. Ona görə də biz təkrar təxribatların olmasına şahidlik edəcəyik. Azərbaycan ordusunun bu vəziyyətdə antiterror əməliyyatına başlaması gündəmə gələ bilər. Əmr olarsa, Azərbaycan Ordusu hərbi əməliyyat aparmağa hazırdır. Prezident İlham Əliyev də çıxışında xəbərdarlıq etmişdi ki, istər Ermənistanın hərbi-siyasi rəhbərliyi, istərsə də onların havadarları Azərbaycana qarşı təhlükəli vəziyyət yaradacaq işlər apararsa, Azərbaycan dərhal adekvat addımlar atacaq”.

 

Ekspert hesab edir ki, erməni tərəfinin qaçaqmalçılıq yolu ilə əraziyə silah-sursat daşıması məhz həmin təhlükəli vəziyyətdir:

 

“Necə olur ki, rus sülhməramlılarının nəzarətində olan ərazilərə silah gətirilir və bunun qarşısı alınmır? Deməli, rus sülhməramlıları dolayı yolla həmin hadisənin iştirakçısına çevrilib. Azərbaycan ərazisində olan qanunsuz silahlı birləşmələrin hamısı isə Ermənistan Müdafiə Nazirliyi tərəfindən idarə olunur, təchiz edilir. Bu silahlar Müdafiə Nazirliyinin anbarından gətirilir. Bu da gələcəkdə yenidən bu kimi hadisələrin təkrar yaşanacağına dəlalət edir. Düşünürəm ki, 2023-cü il bu problemin həll edilməsi üçün mühüm il olacaq və Azərbaycan antiterror əməliyyatı keçirərək noyabr sənədindəki bəndin icrasını təmin edəcək".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR