Azərbaycanda mal və quzu əti yenidən BAHALAŞACAQ

Azərbaycanda mal və quzu əti yenidən BAHALAŞACAQ

Azərbaycanda son günlər dana və quzu ətinin qiymətində yenidən artım qeydə alınıb. Dana ətinin bir kiloqramının pərakəndə satış qiyməti 14,5-15 manata, quzu ətinin bir kiloqramının qiyməti 18 manata yüksəlib.

 
Sfera.az xatırladır ki, bir neçə gün öncəyə qədər dana ətinin kiloqramının qiyməti 13,5 manat, quzu ətinin kiloqramının qiyməti isə 16-7 manat idi. 


Satıcılar ət qiymətlərinin yüksəlməsini topdansatış bazarlarında satışa çıxarılan iribuynuzlu və xırdabuynuzlu heyvanların sayının az olması ilə əlaqələndirirlər. Topdansatıcılar isə ət qiymətlərinin yüksəlməsini yemin baha olmasına görə ətlik heyvan istehsalının azalması və ət idxal olunan ölkələrin bazarlarında qiymətlərin artması ilə izah edirlər. 


Azərbaycan özünü mal əti ilə tam təmin edə bilmədiyindən idxal məhsullarından asılıdır. Rəsmi məlumatlara əsasən, mal ətinə olan tələb 163 min tondur. Yerli istehsalın miqdarı isə 145-146 min ton təşkil edir. Başqa sözlə, ölkəmiz yerli istehsal hesabına mal ətinə olan ehtiyacının 88-90 faizini ödəmək qabiliyyətinə sahibdir. Qalan hissə idxal hesabına təmin edilir. Rəsmi məlumatlara əsasən, hər il xaricdən 12-15 min ton mal əti idxal olunur.


Yerli istehsalda da idxaldan asılılıq güclüdür. Belə ki, heyvan yeminin və zəruri dərmanların önəmli hissəsi idxal olunur. 


Sadalanan amillərlə əlaqədar xaricdə yem və ət qiymətləri yüksəldikdə Azərbaycanda da qiymət artımları baş verir. 


Ölkəmiz mal ətini əsasən 3 ölkədən alır. Bunlar Rusiya, Gürcüstan və Ukraynadır. 2023-cü ilər hər 3 ölkədə ət bahalaşıb. Son məlumatlara əsasən, mal ətinin 1 kiloqramının orta pərakəndə satış qiyməti Rusiyada 12-13 manat, Gürcüstanda 13-14 manat, Ukraynada 10-11 manatdır. 


Ötən ilin sonları ilə müqayisədə bu ölkələrin hər birində mal ətinin qiyməti yüksəlib. İdxal həyata keçirdiyimiz bazarlarda qiymətlərin artması Azərbaycanda da qiymətlərə təsir edib. 


Rusiyalı ekspertlər hesab edir ki, mal ətinin qiymətlərində artım yay aylarına qədər davam edə bilər. Buna səbəb Rusiyaya sanksiyaların tətbiq edilməsi səbəbindən yerli məhsullara tələbin artması, eyni zamanda yemin bahalaşmasıdır. Əgər bu proqnoz özünü doğruldarsa, qarşıdakı aylarda Azərbaycanda da yay aylarına qədər ət qiymətinin bir qədər də artması real görünür. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR