Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə görüşdü

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin beşinci Konfransında iştirakı çərçivəsində Portuqaliya Respublikasının Xarici Əlaqələr və Əməkdaşlıq üzrə dövlət katibi Fransisko Andre ilə görüşüb.
Bu barədə Sfera.az-a Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Görüşdə iki dövlət arasında münasibətlərin hazırkı vəziyyəti və inkişafı potensialı müzakirə edilib.
Azərbaycan və Portuqaliya arasında iqtisadi-ticarət, habelə energetika sahəsində, bərpa olunan enerji resurslarının inkişaf etdirilməsi istiqamətində əməkdaşlıq imkanlarının araşdırılması qeyd olunub. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki mühüm rolu xüsusilə vurğulanıb.
Görüşdə, həmçinin ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin yalnız ikitərəfli səviyyə ilə məhdudlaşmadığı, qarşılıqlı dəstəyin beynəlxalq təşkilatlar çərçivəsində də davam etdirildiyi diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə münaqişə sonrası mövcud vəziyyət, ölkəmizin sülh quruculuğu addımları, azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri və mövcud mina təhlükəsindən bəhs edib. Habelə, azad edilmiş ərazilərin yaşıl enerji zonası elan olunduğunu vurğulayan nazir Avropa İttifaqı ilə alternativ enerji sahəsində əməkdaşlıqdan bəhs edib.