Paşinyan Türkiyə-Ermənistan sərhədinin açılması barədə: "Qadağa aradan qaldırıldı"

Paşinyan Türkiyə-Ermənistan sərhədinin açılması barədə:

"Regional sülhə baxışımızın başqa bir istiqaməti Türkiyə ilə münasibətlərin tənzimlənməsidir. Biz Türkiyə ilə münasibətləri tam şəkildə tənzimləməyə, diplomatik əlaqələr qurmağa hazırıq".


Sfera.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya Xarici Əlaqələr Şurasında çıxışı zamanı bildirib. O, ikitərəfli münasibətlərin nizamalanması üçün ümidverici əlamətlərin olduğunu qeyd edib:

 

“90-cı illərin əvvəllərində Türkiyə tərəfindən birtərəfli qaydada bağlanmış ümumi sərhədimizi tam açacağımıza ümid edirik. İrəli getmək üçün kiçik, lakin ümidverici əlamətlər var. 2022-ci ilin iyulunda ölkələrimizin xüsusi nümayəndələri üçüncü ölkə vətəndaşları üçün hava yük daşımalarının yaradılması və dövlətlərarası sərhədlərin açılması barədə razılığa gəliblər.

 

Yanvar ayında Türkiyə ilə Ermənistan arasında birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağa aradan qaldırıldı və ümid edirik ki, sərhəd tezliklə üçüncü ölkə vətəndaşları üçün açılacaq. Həmçinin 2022-ci ildə Praqada Avropa Siyasi Birliyinin Zirvə Toplantısı çərçivəsində Prezident Ərdoğanla görüşdüm və burada münasibətlərin normallaşması perspektivlərini müzakirə etdik".

 

Paşinyan münasibətlərin tənizmlənməsində Türkiyəyə göstərilən humanitar yardımı da əsas gətirib.

 

"Sonuncu dağıdıcı zəlzələdən sonra Ermənistan tez reaksiya verdi. Başsağlığımı bildirmək üçün Prezident Ərdoğana zəng etdim və dəstəyimizi bildirdim. Bundan sonra zərərçəkmiş rayonlara humanitar yardım və xilasetmə qrupu göndərdik.Qeyd edək ki, iki humanitar yardım karvanı 30 ildir bağlı olan sərhəd körpüsündən Türkiyəyə daxil olub. Bizim xilasedici dəstəmiz həmin körpü ilə Ermənistana qayıdıb. Ermənistanın xarici işlər naziri Türkiyəyə səfər edib, həmkarı ilə görüşüb və münasibətləri tam şəkildə tənzimləməyə hazır olduğumuzu təsdiqləyib.


Baxmayaraq ki, son təmaslar, təbii ki, sırf humanitar xarakter daşıyır, biz də siyasi nəticələri görməyə şad olarıq”, - deyə Ermənistanın Baş naziri bildirib.

 

Əzizə Zeynal

 

 


OXŞAR XƏBƏRLƏR