Əhalinin bu xərcləri daha sürətlə artacaq – ŞƏRH

Əhalinin bu xərcləri daha sürətlə artacaq – ŞƏRH

Əhalinin pullu xidmətlərə xərclədiyi vəsaitin həcmində yenidən sürətli artım baş verir. 


Sfera.az xəbər verir ki, bununla əlaqədar olaraq istehlak xərclərində pullu xidmətlərin payı yüksəlir. 


Xatırladaq ki, 2010-cu ilə qədər pullu xidmətlərin payında davamlı artım baş verib. Həmin ildə əhali istehlak üçün xərclədiyi hər 100 manatın 28 manatını pullu xidmətlərə ayırıb. 


Lakin sonrakı illərdə pullu xidmətlərin payında azalma dinamikası müşahidə olunub. 2015-ci ilə, yəni devalvasiyaya qədər xidmətlərə xərclənən pulun ümumi xərclərdə payı 26,6 faizə, devalvasiyadan sonra isə 22 faizə qədər azaldı. 


2020-ci ildə qeydə alınan pandemiya və bununla əlaqədar ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi pullu xidmətlərə ayrılan pulun payının bir qədər də azalaraq 16,2 faizə düşməsinə səbəb oldu. 


Xüsusi karantin rejiminin tədricən aradan qalxmasından sonra isə pullu xidmətlərin xərclərdəki payı 2021-ci ildə 16,5 faizə, 2022-ci ildə 17,15 faizə, 2023-cü ilin yanvarında isə 18,9 faizə yüksəlib. 


Pandemiyadan sonrakı artıma baxmayaraq, pullu xidmət xərclərinin ümumi xərclərdə payı hələ də çox aşağıdır. 


Azərbaycanda pullu xidmətlərə ayrılan pulun cəmi istehlak xərclərində payının az olması bir neçə səbəblə izah edilə bilər. 


Birinci əsas səbəb əhalinin gəlirləri ilə bağlıdır. Adambaşına düşən gəlir səviyyəsi yüksək olan ölkələrdə pullu xidmətlərə çəkilən xərc daha yüksək olur. Gəlir səviyyəsi azaldıqca pullu xidmətlərin payında da azalma baş verir. Yüksək gəliri olan elə ölkələr var ki, onlarda pullu xidmətlərə xərclənən vəsaitin cəmi xərclərdə payı 70 faizə çatır. 


Azərbaycan hələ də aşağı gəlirli ölkələrdən biridir. Ölkəmizdə ötən il adambaşına düşən ÜDM istehsalı 7700 dollar olub. Bu göstəriciyə görə Azərbaycan dünyada 85-ci yerdədir. Dünya üzrə adambaşına düşən orta göstərici isə 13400 dollar təşkil edib. 


Deməli, ölkəmizdə pullu xidmətlərə xərclənən pulun payının artması üçün ilk növbədə əhalinin gəlirlərinin yüksəlməsi vacibdir. 


Pullu xidmət xərclərinə təsir edən ikinci mühüm amil xidmətlərin qiyməti ilə bağlıdır. Xidmətlərin qiyməti yüksək olduqda istər-istəməz həmin xidmətlərdən istifadəyə görə çəkilən xərc də artır. Azərbaycanda pullu xidmətlərin əksəriyyətində qiymət səviyyəsi aşağıdır. Buna səbəb həmin xidmətlərin əksəriyyətinin qiymətinin dövlət tərəfindən tənzimlənməsidir. Dövlət əhalinin gəlirlərinin aşağı səviyyədə olduğunu nəzərə alaraq, xidmətlər üçün aşağı qiymətlər müəyyənləşdirir ki, bu da həmin sahələrdə dövriyyənin kiçilməsi ilə nəticələnir. 


Nəhayət, sonuncu səbəb ölkəmizdə ərzaq və qeyri-ərzaq qiymətlərinin səviyyəsinin yüksək olmasıdır. Xüsusən qeyri-ərzaq mallarının dəyəri digər xarici ölkələrlə müqayisədə çox yüksəkdir. 


Ərzaq məhsullarından isə sənaye mallarının dəyərinin yüksək olması müşahidə edilir. 


Ərzaq və qeyri-ərzaq mallarının dəyərinin digər ölkələrə nisbətən yüksək olması əhalinin pullu xidmətlərə xərclədiyi vəsaitin artımını əngəlləyir. 


Onu da bildirək ki, dövlət üçün pullu xidmətlərə xərclənən vəsaitlərin həcminin artması əhəmiyyətlidir. 


Bu halda ilk növbədə ölkədə məşğulluq artır, sektorda çalışanların maaşı yüksəlir və xidmət keyfiyyəti yüksəlir. 


İkinci əhəmiyyətli faktor pullu xidmətlərin həcminin artmasının idxalı azaltmasıdır. Əhali pullu xidmətlərə daha çox pul xərclədikdə ticarət xərclərinin sürətli artması ehtimalı zəifləyir və idxalda daha böyük artım əngəllənir. 


Bu səbəblərdən ehtimal etmək olar ki, Azərbaycanda qarşıdakı illərdə pullu xidmətlərin qiyməti yüksələcək və əhalinin xidmətlərə çəkdiyi xərcləri daha sürətlə artacaq.  


Vasif

 


OXŞAR XƏBƏRLƏR