2023-cü ildə səyahət etmək üçün ən təhlükəsiz yerlər haralardır? - SİYAHI

2023-cü ildə səyahət etmək üçün ən təhlükəsiz yerlər haralardır? - SİYAHI

Səyahət etmək bu günlərdə olduqca riskli bir işdir. Səyahət zamanı Covid-19-a yoluxmaqdan tutmuş çovğuna düşməyə qədər bir çox təhlükə ilə üzləşmək mümkündür.

 

Ancaq səyahətin nə qədər riskli olması çox vaxt baxış bucağına görə dəyişir. Ona görə də təhlükəsiz yerlərlə bağlı siyahılar müxtəlifdir. 

 

Ən təhlükəsiz şəhərlər: insanların fikrincə...

 

Böyük Britaniyada yerləşən sığorta şirkəti “William Russell” tərəfindən dərc edilən hesabatda insanların fikirlərinə görə “dünyanın ən təhlükəsiz şəhərləri” sıralanıb. “Numbeo” qlobal məlumat bazasında yerləşən cinayət nisbətlərinə əsaslanan bu siyahıda Asiya və Avropa “ən təhlükəsiz” yerlər sıralamasında üstünlük təşkil edir. Hesabata görə, ən yüksək nəticəni Tayvanın Taypeyi, ən aşağı yeri Argentinanın Buenos Ayresi (bal: 36,7) tutur.

Ən təhlükəsiz şəhərlər: sağlamlıq və siyasət baxımından

 

Lakin “Euromonitor International”ın “Top 100 Şəhər İstiqamətləri İndeksi 2022” siyahısında “sağlamlıq və təhlükəsizlik” üzrə ilk beş yer fərqlidir.

 

Ötən dekabr ayında dərc edilən bu sıralama Covid-19-un təsirini (ümumi hallar, ölüm və peyvənd nisbətləri kimi), eləcə də yol qəzaları, korrupsiya və terrorizm statistikasını əhatə edən “siyasi sabitlik və sosial təhlükəsizlik”i təhlil edib.


Burada Yaxın Şərq və Asiyanın şəhərləri önə çıxıb.

 

1.Şarja, Birləşmiş Ərəb Əmirlikləri
2.Dubay, Birləşmiş Ərəb Əmirlikləri
3.Doha, Qətər
4.Abu Dabi, Birləşmiş Ərəb Əmirlikləri
5.Sinqapur, Sinqapur

 

“Euromonitor İnternational”ın baş tədqiqat meneceri Vitalij Vladikin "Yaxın Şərq ilk dördlüyü tutur, Sinqapur 2019-2022-ci illərdə siyasi sabitlik kateqoriyasına görə birinci yerdədir", - deyir.

 

“Sağlamlıq və təhlükəsizlik” “Euromonitor International”ın illik şəhər indeksini tərtib etmək üçün istifadə etdiyi altı amildən biridir.

Ən təhlükəsiz yerlər: tibbi risklər 


“International SOS” səyahət təhlükəsizliyi firmasının hesabatında təkcə yoluxucu xəstəlik riskləri deyil, həm də mütəxəssis və təcili xidmətlərin keyfiyyəti, dərman vasitələrinin mövcudluğu və dil maneələri kimi tibbi xidmətə təsir edə biləcək amillər də təhlil edilib. Firmanın 2023-cü il üçün Səyahət Risk Xəritəsi göstərir ki, Şimali Amerika və Qərbi Avropanın çox hissəsi, eləcə də Türkiyə, İsrail, Yaponiya, Sinqapur və Birləşmiş Ərəb Əmirlikləri kimi yerlər aşağı səviyyədə tibbi risklərə malikdir.

 

Xəritədə Yəmən, Suriya, İraq, Əfqanıstan, Şimali Koreya və Afrikanın bəzi hissələrinin çox yüksək tibbi riskləri olduğu göstərilir. 

 

Hesabata görə, bənövşəyi rəngə boyanmış ölkələrdə tibbi risklərdə "əhəmiyyətli dəyişiklik" var ki, bu da şəhərlər və kənd yerləri arasındakı xidmət səviyyələrindəki uyğunsuzluqlardan qaynaqlanır. 

 

Firmanın tibbi direktoru Dr. İren Ley bildirib ki, bu xəritə Covid-19 epidemiyasını əks etdirmir. Onun sözlərinə görə, xüsusi xəstəlik epidemiyalarını göstərməkdənsə, xəritədə dünya ölkələrinin “arxa plan”ındakı tibbi vəziyyətə diqqət yetirilir.

 

Təhlükəsizlik riskləri


“International SOS”un Səyahət Risk Xəritəsi həmçinin cinayət, həmçinin terrorizm və müharibə, sosial iğtişaşlar, siyasi zorakılıq və təbii fəlakətlərə qarşı həssaslıq kimi təhlükəsizlik risklərini də qiymətləndirir.


Şirkətin təhlükəsizlik direktoru Selli Llevellin bildirib ki, dünyanın 25-ə yaxın nöqtəsində təhlükəsizlik riskləri əhəmiyyətsiz dərəcədədir:


Amerika Samoası, Andorra, Anqila, Britaniya Virginiya adaları, Kape Verde, Kayman adaları, Kuk adaları, Danimarka, Finlandiya, Qrenlandiya, İslandiya, Kiribati, Lixtenşteyn, Lüksemburq, Marşal adaları, Monako, Nauru, Norveç, San Marino, Seyşel adaları, Sloveniya, İsveçrə, Törks və Kaykos, Tuvalu və Uollis, Futuna.

 

Bəzi ölkələrin sərhədləri daxilində müxtəlif risk səviyyələri mövcuddur. Məsələn, xəritə Misirin əksər hissəsinin “yüksək” təhlükəsizlik risklərinə malik olduğunu, lakin Qahirədə və Nil çayının şərqindəki ərazilərdə risklərin daha az olduğunu göstərir.

 

Meksika xəritədə “orta” və “yüksək” risklərin birləşməsinə malikdir, Taylandın Myanma, Malayziya və Kamboca ilə sərhədləri isə xəritəyə görə ölkənin qalan hissəsindən daha riskli sayılır.

 

“International SOS” bu il Ukrayna, Kolumbiya və Sahel də daxil olmaqla bir neçə yerdə təhlükəsizlik risklərinin artdığını bildirib.
Sahel, Şimali Afrikada Mavritaniya, Mali, Niger, Çad, Sudan və digər ölkələrin bir hissəsini əhatə edən bir bölgədir. Xəritəyə görə regionda “yüksək” və “ifrat” dərəcədə təhlükəsizlik riskləri var.

 

Lalə
Sfera.az


 


OXŞAR XƏBƏRLƏR