Əmanətlərin böyük hissəsi qısa müddətə qoyulur – SƏBƏB

Əmanətlərin böyük hissəsi qısa müddətə qoyulur – SƏBƏB

Son illərdə əhalinin banklarda olan əmanətlərinin həcmində davamlı artım müşahidə edilir.


Sfera.az xəbər verir ki, Azərbaycan banklarında əmanətlərin həcmi 2017-ci ildə 7,56 milyard manat olduğu halda, 2021-ci ildə 9,24 milyard manata, 2022-ci ildə 11,74 milyard manata yüksəlib. 2023-cü ilin yanvarında isə əmanətlər daha 200 milyon manata yaxın artaraq 11,93 milyard manata çatıb. 


Əmanətlərin strukturuna diqqət yetirdikdə görürük ki, artımda əsas rolu qısamüddətli, yəni 1 ilə qədər müddətə bağlanan müqavilələrlə qoyulan əmanətlərdəki artım oynayıb. Qısamüddətli əmanətlərdəki artımda isə cari hesablarda saxlanılan pullar daha böyük paya sahib olub. 


Son məlumata görə, qısamüddətli əmanətlərin həcmi 9,41 milyard manat olub ki, bu da cəmi əmanətlərin 79 faizidir. 2017-ci illə müqayisədə qısamüddətli əmanətlərin həcmi 3,88 milyard manat artıb. Qısamüddətli əmanətlərdəki artımın 2,46 milyard manatı cari hesablardakı vəsaitlərdəki artım hesablna baş verib. 2017-ci ildən bəri cari hesablardakı pulların həcmi 2 dəfədən çox artaraq 5,72 milyard manata çatıb.  


Hazırda qısamüddətli əmanələrin 61 faizi cari hesablarda saxlanılan puldan ibarətdir. 


Banklarda uzunmüddətə qoyulan əmanətlərin də həcmi artır. 2017-ci ildən bəri bu cür əmanətlərin dəyəri 463 milyon manat, yəni 23 faiz artaraq 2,52 milyard manata çatıb. 


Lakin göründüyü kimi əhali banklara uzunmüddətə vəsait etibar etmək əvəzinə daha çox qısamüddətə vəsait yerləşdirməyə üstünlük verir. Son məlumata əsasən, bütün əmanətlərin 79 faizi qısamüddətli, o cümlədən 48 faizi cari əməliyyatlarda olan əmanətlər, 21 faizi uzunmüddətli əmanətlərdir. 


Müqayisə üçün bildirək ki, 2017-ci ildə əmanətlərin 73 faizi qısamüddətli, o cümlədən 31 faizi cari hesabdakı əmanətlər, 27 faizi uzunmüddətli əmanətlərdən ibarət olub. 


Son illərdə uzunmüddətli əmanətlərin artım sürətinin zəif olmasınıın səbəbini əhalinin banklara inamının yetəri qədər olmaması və iqtisadi risklərin yüksək olması ilə əlaqələndirmək olar. 


Cari hesablardakı əmənətlərin həcminin və payının artması isə son illərdə plastik kartlardan istifadənin genişlənməsi və qeyri-nağd əməliyyatların həcminin artması ilə bağlıdır.  


Vasif

 


OXŞAR XƏBƏRLƏR