Zelenski növbəti dəfə “Putini öldürəcəklər” dedi – Bu ehtimal realdır?

Zelenski növbəti dəfə “Putini öldürəcəklər” dedi – Bu ehtimal realdır?

Ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin ildönümünə həsr olunan sənədli filmin təqdimatında Putinlə bağlı da fikirlər səsləndirilib. O,  yenidən Rusiya prezidentinin yaxın adamları tərəfindən öldürüləcəyini söyləyib.

 

“Putin rejiminin kövrəkliyi getdikcə bütün ölkə ərazisində hiss olunmağa başlayacaq. Sonra isə yırtıcılar onu yeyəcək. Onlar qatili, yəni Putini öldürmək üçün səbəb tapacaqlar", deyə Zelenski bildirib.

 

Həqiqətən də son günlər Rusiya daxilində fikir ayrılıqları xüsusilə qabardılır. Bu fonda maraqlıdır, Zelenskinin proqnozu özünü doğrulda bilərmi? Hadisələr Putin hakimiyyətinə necə təsir edəcək?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov Ukrayna prezidentinin dəfələrlə oxşar fikirlər səsləndirdiyini vurğulayıb:

 

“O, Putinin öldürüləcəyini bir neçə dəfə dilə gətirib – bu, onun şəxsi düşüncəsidir. Amma indiki məqamda Putin hələ hakimiyyətdədir və sağdır. Lakin onun hakimiyyətdən getməsi mümkündür. Necə ki, Yeltsinə qarşı bu edildi, indi də Putinin yerinə başqasını gətirə bilərlər. Rusiya hakimiyyət dairələri arasında gərginlik artmaqdadır. Xüsusilə də “Vaqner” muzdlu qrupunun rəhbəri Yevgeni Priqojinlə Rusiya müdafiə naziri Sergey Şoyqu arasında münasibətlər son dərəcə gərgindir. Hətta deyilənlərə görə, Rusiya müdafiə nazirliyi onlara silah-sursat və hərbi texnika verməkdən imtina edir. Bununla bağlı Priqojin də fikirlər səsləndirib və Şoyqunun “Vaqner”i məhv etmək istədiyini vurğulayıb”.

 

Müsahibimiz qeyd edib ki, qısa müddət ərzində Zelenskinin iddialarının gerçəkləşəcəyinə inanmır:

 

“Daxili çəkişmələrin olması mümkündür. Ola bilər ki, Putin hakimiyyətdən getsin, amma onun öldürülməsi o qədər də asan deyil. Putin “KQB”-nin yetirməsidir və idarəetmə təcrübəsi də var. Rusiya lideri özünü qorumaq yollarını bilir. İndiki məqamda Putini hakimiyyətdən salmaq da çətindir. Digər tərəfdən, Rusiya dövləti üçün hələ ki Putinin lazım olduğunu düşünürəm”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR