Rusiyanın vasitəçiliyi ilə yeni üçtərəfli görüş mümkündür? - Açıqlama

Rusiyanın vasitəçiliyi ilə yeni üçtərəfli görüş mümkündür? - Açıqlama

Prezident İlham Əliyev Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşündə 2023-cü ilin Azərbaycan Ermənistan münasibətlərinin normallaşmasında irəliləyiş ili olacağını deyib.

 

Prezident bu prosesdə Rusiyanın da təsirinin olduğunu qeyd edib. Maraqlıdır, bu il Ermənistanla münasibətlərin normallaşması üçün Rusiyadan ciddi addımlar gözlənilirmi? Rusiyanın vasitəçiliyi ilə üçtərəfli görüşün təşkil edilməsi real görünürmü?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən deputat Asim Mollazadə Ermənistanın Rusiya-Ukrayna müharibəsini fürsətə çevirdiyini deyib:

 

"Azərbaycan-Ermənistan münasibətlərində irəliləyiş ancaq tərəflər arasında sülh müqaviləsinin imzalanması ilə mümkün ola bilər. Ermənistan beynəlxalq hüquq normalarına riayət etməli, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bu, gələcəkdə kommunikasiyaların açılması, demarkasiya-delimitasiya prosesinin həllinə imkan yarada, Qarabağda yaşayan erməni icmasının hüquqları ilə bağlı məsələlərin addım-addım öz həllini tapmasına səbəb ola bilər”.

 

Deputat Rusiyanən üçtərəfli görüş keçirmək niyyətində olmadığını vurğulayıb. Millət vəkili Rusiya tərəfinin hazırda ehtiyatlı davrandığını qeyd edib:

 

“Rusiya çox narahatdır ki, Ermənistan artıq tamamilə başqa inkişaf trendi seçib və münasibətlərini  fərqli yöndə qurmaq istəyir. Ona görə Rusiya da Ermənistanla ehtiyatlı davranır, hansısa başqa  formada təsir edə bilmir. İndi Rusiyanın Ermənistandakı qüvvələri daxili siyasi proseslərə qarışa biləcək gücdə deyil. Düşünürəm ki, Azərbaycan beynəlxalq hüquq normalarına əsaslanaraq öz mövqelərini gücləndirməlidir. Azərbaycanın marağı bölgədə sülhə nail olmaq, kommunikasiyaların açılması, bölgə dövlətləri ilə tərəfdaşlığın qurulması olmalıdır. Ona görə də münaqişə həll  edilməlidir. Bunun üçün isə Ermənistan normal münasibətlərin qurulmasına səy göstərməlidir. Bu, bölgədəki bütün dövlətlərin maraqlarına uyğun olacaq”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR