Lavrov Bakıda bağlı qapılar arxasında nələrdən danışıb? - Ehtimallar

Lavrov Bakıda bağlı qapılar arxasında nələrdən danışıb? - Ehtimallar

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı iki ölkə arasındakı əlaqələrin inkişafından, eyni zamanda Ermənistanla sülh danışıqlarından bəhs edilib. Digər tərəfdən, mətbuata açıq hissədə Qarabağda baş verən hadisələr, Laçın dəhlizi və sülhməramlılar mövzusuna toxunulmayıb.

 

Maraqlıdır, bağlı qapılar arxasında hansı məsələlər müzakirə edilə bilər?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Zaur Məmmədov deyib ki, Azərbaycan və Rusiya arasında ən böyük müzakirə mövzusu məhz Qafqazdakı "erməni məsələsi"dir:

 

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi də iki ölkə arasında müzakirə predmetidir. Sülhün əldə olunması Rusiya üçün Qafqazda yeni siyasi mənzərə yaradacağından bu mövzu ətrafında müzakirə ediləsi çox detallar var. Aydındır ki, sülh müqaviləsində birbaşa Qarabağ ifadəsi yer almaya da bilər, lakin bu və ya digər şəkildə rəsmi İrəvan Qarabağa iddialarından əl çəkməli, eyni zamanda iki dövlət arasında sərhədlər müəyyənləşməlidir. Bu məsələlərdə Rusiyanın kifayət qədər təsir imkanlarının olduğunu nəzərə alsaq, Azərbaycan və Rusiya arasında dialoqun nə dərəcədə vacib olduğunu başa düşmüş olarıq. Sirr deyil ki, Moskva Qarabağdakı separatçıların Azərbaycana inteqrasiyasına isti baxmayacaq və Xankəndi kartından Bakıya qarşı istifadə etmək niyyətini davam etdirəcək. Lakin müəyyən şərtlər qarşılığında Azərbaycan-Rusiya arasında mümkün bazarlıq ehtimalı kifayət qədər realdır. Separatçıların tərksilah edilməsi qarşılığında Kreml Qafqaza kənar geosiyasi müdaxilələrin qarşısını almış olar”.

 

Politoloq deyib ki, İran faktoru da Kremllə Azərbaycan arasında vacib istiqamətlərdən biridir:

 

“Rusiyanın başının Ukraynaya qarışmasından istifadə edən İran son 2 ildə çox kobud şəkildə Cənubi Qafqaza, Arazın şimalındakı proseslərə müdaxilə etməklə məşğuldur. 2 il əvvəl Lavrov mümkün müdaxiləyə qarşı Abdullahiyana iradını bildirsə də, hazırda Rusiyanın hərbi-texniki məsələlərdə İrandan aslılığı hələlik müəyyən müddət ərzində Tehranın boş buraxılacağı ilə nəticələnəcək. Hər bir halda, Azərbaycanın Rusiyadan istəkləri məlumdur - Qarabağdakı hərbi birləşmələrin buraxılması, bölgənin Azərbaycana inteqrasiyası”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR