3000 uşağı köləlikdən xilas edən - İqbal Məsih

3000 uşağı köləlikdən xilas edən - İqbal Məsih

Çoxlarının adını belə eşitmədiyi bu 12 yaşlı kiçik, lakin uğurlu və fədakar uşaq bu gün insan haqlarına qarşı mübarizənin simvoludur...



İqbal 1983-cü ildə yaşayış şəraitinin kifayət qədər çətin olduğu Pakistanın Lahor şəhərində kasıb bir ailədə anadan olub. Ölkədə insanların çoxu yoxsulluq həddinin altında yaşayırdı. Ailələr o qədər kasıb və köməksiz idilər ki, öz uşaqlarını fabriklərdə işləməyə verirdilər. Valideynlər onlara verilən birdəfəlik məbləği övladlarının qazanıb ödəyib geri gəlməsini gözləyirdilər (müəyyən məbləğ qarşılığında uşaq işsahiblərinə verilir, uşaq işləyərək həmin borcu ödədikdən sonra geri qayıda bilərdi).


Dörd yaşından işləməyə məcbur olub



Dörd yaşında olanda ailəsi İqbalı da 600 rupi (12 dollar) (Pakistanda istifadə olunan pul vahidi) qazanmaq üçün xalça fabrikinin sahibinə verib. Belə bir vəziyyətdə o, ailəsi onu geri almaq üçün pulla qayıdana qədər işləməli olub. Uşaqlara bu şəkildə ödəniş verilməsi və işlədilməsi əslində üçüncü dünya ölkələrində hələ də mövcud olan müasir köləlik formasıdır. Təəssüf ki, təkcə İqbal deyil, minlərlə günahsız və köməksiz uşaq hələ də bu vəziyyətlə üzləşir.
Onlar uşaqları qaçmamaq üçün zəncirlə bağlayıb və həftənin yeddi günü, gündə 12 saatdan çox işləməyə məcbur ediblər.
 

Təəssüf, belə bir vəziyyət də var ki, ailələrə verilən pulu ödəmək üçün nə qədər uşaqlar işləyirsə, o pula bir o qədər faiz əlavə olunur! İqbal ailəsinin fabrik sahibinə borclu olduğu 12 dolları toplayana qədər düz beş il işlədi, lakin bu müddət ərzində faiz 1980-ci illərdə sərvətə dəyər olan 200 dollara yüksəldi. Belə həyata məhkum edilmiş bir çox uşaqlar kimi İqbal da 5 il fabrikdə çalışıb.
Bu zavodlarda yaşayış və iş şəraiti çox pis idi.

Kölə edilmiş uşaqlar az yemək yeyir və məhdud miqdarda su içirdilər. Onlar xəstə və ya hər hansı bir şəkildə işləyə bilməyəndə vəhşicəsinə döyülürdülər. İqbal onu da bildirib ki, işləmək istəməsələr bütün günü kiçik şkafda qıfıllanırlar. Pakistan hökuməti 1986-cı ildə uşaq əməyini qeyri-qanuni elan etdi, lakin İqbal və digər uşaqlar buna baxmayaraq işləməyə davam edirdilər. Pakistanda korrupsiya ən yüksək səviyyədə idi və heç kim bu uşaqları xilas edə bilməyib.


Və nəhayət o qaça bilib...
 

10 yaşında İqbal öz vəziyyətindən, həyatından bezmişdi. Yazıq oğlanı hər gün döyürdülər. O, bu barədə düşündü və nəhayət, qaçmaq qərarına gəldi. O, təkcə özü üçün deyil, fabrikdəki bütün uşaqlar üçün bir qaçış planlaşdırırdı, amma bilirdi ki, ən kiçik bir pozuntu nə olursa olsun, həyatını təhlükəyə atacaq. Uzun müddətdir qaçmağı planlaşdıran İqbal və bir neçə dostu nəhayət ki, ən yaxın polis bölməsinə qaça biliblər. Amma təəssüf ki, polislər oğlanlara kömək etmək əvəzinə onları yenidən zavoda aparıblar və əvəzində pul mükafatı alıblar!!!

Qaçmağa görə döyülən və ac qalan İqbal və onun dostları ağır cəzalandırıldı.

Bu uşaqlar üçün həyat cəhənnəm kimi idi və bu cəhənnəmdən çıxmağa çalışdılar, amma bacarmadılar. Amma İqbal ümidini itirmədi. 12 yaşında o, qaçmağın başqa yolunu düşünməyə başladı. Bu dəfə o, bir az araşdırma apardı və polis bölməsinə getmək əvəzinə uşaq əsarətinə və uşaq əməyinə qarşı mübarizə aparan Bağlı Əmək Azadlıq Cəbhəsi (BLLF) adlı yerli QHT-yə getdi. Bu QHT fabrikdə çalışan bütün uşaqları xilas etmək üçün bütün lazımi sənədləri əldə etdi və İqbalın səyi və fədakarlığı ilə o fabrikdəki bütün uşaqları xilas etdi.


Bir məqsədi vardı...

Azad edildikdən sonra onun yalnız bir arzusu var idi: Pakistanda işləməyə məcbur edilən bütün digər uşaqları xilas etmək. BLLF-nin köməyi ilə oğlan hekayəsini dünyaya çatdırmağı bacardı, hətta Birləşmiş Millətlər Təşkilatının dəstəyini də aldı. İqbal dünya üzrə müxtəlif QHT-lərlə işləməyə və hətta Pakistan kimi üçüncü dünya ölkələrində uşaq köləliyi haqqında özündən böyük uşaqları maarifləndirməyə başladı. İqbalın nüfuzu o qədər artdı ki, 1994-cü ildə onu ABŞ və digər Avropa ölkələrində danışıqlara dəvət etdilər. Onun hekayəsi və nailiyyətləri həmin il ona Reebok insan hüquqları mükafatı (50.000 dollar) qazandırdı. İqbal öz həyat hekayəsini bütün dünya ilə bölüşdü ki, onun yaşadıqlarını başqa heç bir uşaq yaşamasın.
 

Təəssüf ki, 12 yaşında öldürüldü...


İqbal günü-gündən daha çox diqqət mərkəzinə çevrilirdi. Uşaq əməyinə və köləliyə son qoymaq üçün Pakistanda hər gün fabriklər bağlanırdı. Bu vəziyyətdə, təəssüf ki, İqbal uşaq işçilərin işlədiyi fabrik sahiblərinin hədəfinə çevrilib. 1995-ci il aprelin 16-da ailəsini görmək üçün Pakistana qayıdan İqbal eyni gündə Pakistanın Muridke şəhərində başından vurularaq öldürülüb. İqbalın qatili uşaq əməyinin sona çatması səbəbindən külli miqdarda pul itirən fabrikin sahibi Məhəmməd Əşrəf olub. Qısa ömrünü özü kimi uşaqları xilas etməyə həsr edən İqbal 3000-dən çox uşağı xilas edə bilib.
İqbal 21-ci əsrin əvvəllərində üçüncü dünya ölkələrində köləliyə qarşı və insan hüquqları uğrunda mübarizənin simvoluna çevrilib.


Məşhur yazıçı Endryu Krofts 2006-cı ildə “Kiçik Qəhrəman: Bir Oğlanın Azadlıq Mübarizəsi” adlı kitabı nəşr etdirmiş və kitabında İqbalın həyatını ətraflı şəkildə təqdim etmişdir. Onun uşaqlığı və ömürlük cəsarəti indi də bütün dünyada insanları ruhlandırır. Onların təcrübəsi bir ibrət dərsidir ki, insanlar başqalarının azadlığı ilə yanaşı, doğru olan şey üçün də mübarizə aparmaqdan qorxmamalıdırlar. İqbalın ölümündən bəri uşaq əməyinə qarşı mübarizə təkcə Pakistanda deyil, bütün dünyada davam edir. 2014-cü ildə Nobel mükafatı laureatı Kailash Satyarth öz mükafatını İqbala həsr edib. Birləşmiş Millətlər Təşkilatının araşdırmasına görə, 2020-ci ildə 152 milyon uşaq hələ də ağır şəraitdə fabriklərdə işləməyə məcburdur.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR