Masallıda kişini öldürən itin sahibi kimdir?

Heyvan hüquqları müdafiəçisi Nicat İsmayılov bir neçə gün əvvəl Masallının Viləş kəndində sakinlərə hücum edən itin məhv edildiyini bildirib.
Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, N.İsmayılov 1 nəfəri öldürüb, digər iki nəfərə xəsarət yetirən itin qanunsuz it döyüşlərində vəhşi hala gətirildiyi üçün insanlara hücum etdiyini bildirib: “Bu ay Masallının Viləş kəndində sahibli it 3 nəfərə hücum edib. 47 yaşlı Ceyhun Fərəcov dünyasını dəyişib, digər 2 şəxs isə yaralanıb. Hadisəni sahibsiz itlərin üzərinə atmaq üçün mediaya yalan məlumat veriblər”.
N.İsmayılov iddia edib ki, sözügedən it Viləş kəndindən olan polis əməkdaşı Rövşən Ələmova məxsus olub, hadisədən sonra isə iti öldürüblər.
O, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə də müraciət etdiklərini bildirib.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev məsələ ilə bağlı bildirib ki, Nicat İsmayılovun iddiaları həqiqətə uyğun deyil: “Adıçəkilən vətəndaş Rövşən Ələmov polis əməkdaşı deyil. İtlərin öldürülməsi ilə bağlı informasiya yanlışdır. Hazırda həmin itlər baytar nəzarəti altında saxlanılır. C.Fərəcovun ölüm faktı ilə bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır”.