“Müharibə daha şiddətli mərhələyə keçir” – Ukrayna Krıma hədəflənib

“Müharibə daha şiddətli mərhələyə keçir” – Ukrayna Krıma hədəflənib

Rusiya müvəqqəti işğal altında olan Krım yarımadasının müdafiəsini gücləndirməyə başlayıb. Ukrayna Baş Qərargahının məlumatına görə, yarımadada yeni istehkamlar tikilir.

 

Bəs Krımda döyüşlər başlaya bilərmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, yaxın gələcəkdə Krımda döyüşlərin başlanmasına dair ehtimalları gücləndirən bir neçə məqam var:

 

“Birincisi, müxtəlif ölkələrin kəşfiyyat xidmətləri, həmçinin Ukraynanın müdafiə və təhlükəsizlik şurasının qənaətinə görə, qarşıdakı aylar müharibənin taleyi üçün həlledici olacaq. Bu o deməkdir ki, yaxın həftələrdə Ukraynanın əks-hücum əməliyyatlarına başlayacağı gözləniləndir.   İkincisi, qarşıdakı həftələrdə Qərb ölkələrinin Ukraynaya ağır tanklar verəcəyi gözlənilir. Polşa “Leopard- 2”lərin ilk partiyasını artıq Ukraynaya göndərib. Həmçinin uzaqmənzilli raketlərin tədarükü ilə bağlı da danışıqlar gedir. Bu isə o deməkdir ki, yaxın gələcəkdə Ukraynanın əks-hücum əməliyyatlarına başlaması mümkündür”.

 

Ekspert qeyd edib ki, müxtəlif proqnozlara görə, bu il müharibə başa çata bilər:

 

“Kiyevin məqsədi Krımın fa azad olunması ilə ərazi bütövlüyünü təmin etməkdirsə, deməli, yaxın vaxtlarda yarımadada döyüşlər başlamalıdır. Nəzərə almaq lazımdır ki, Krımın azad edilməsi Ukraynaya heç də asan başa gəlməyəcək. Ukrayna Silahlı Qüvvələrinin bu döyüşlərdə ciddi itkilər verəcəyini indidən proqnozlaşdırmaq olar. Çünki Rusiya təxminən 10 il ərzində Krımda möhkəmlənib, yarımadada güclü istehkamlar qurub. Deməli, Krımda döyüşlər başlayarsa, Ukraynaya Qərbin dəstəyi daha çox lazım olacaq. Krımda döyüşlər başlayarsa, bu, müharibənin gedişatında növbəti, daha şiddətli mərhələ olacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR