Zelenski savaşın ildönümündə XALQA SƏSLƏNDİ: “Bu il qalib gələcəyik”

Zelenski savaşın ildönümündə XALQA SƏSLƏNDİ: “Bu il qalib gələcəyik”

“Bu il qalib gəlmək üçün hər şeyi edəcəyik".

 

Sfera.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin ildönümündə xalqa müraciəti zamanı deyib.

 

O, hər kəsin Rusiyanın əsl üzünü gördüyünü vurğulayıb:

 

“Müharibə bir çox ailələrin taleyini, adət və ənənələrimizi dəyişdi, onların tarixini yenidən yazdı. Nənə və babalar nəvələrinə nasistləri necə məğlub etdiklərini danışırdılar. İndi nəvələr nənə və babalarına raşistləri necə məğlub etdiklərini deyirlər.  Uşaqlar əvvəllər Şaxta babadan smartfon kimi şeylər istəyirdilər, indi isə əsgərlərimiz üçün pul yığırlar. Əslində, keçən il hər bir ukraynalı qohumunu itirib - ata, oğul, qardaş, ana, bacı, yaxın dost, həmkar, qonşu, tanış...”

 

Zelenski Ukrayna xalqının qazanacağına əmin olduğunu ifadə edib: “9 il əvvəl qonşumuz aqressivləşdi. Onlar bir il əvvəl qarətçi və terrorçu oldu. Bunun hesabını verəcəklərinə şübhəmiz yoxdur. Qələbə qazanacağımıza əminik.  Avqust işğalçıların Ukraynanın bir şəhərini də ələ keçirə bilmədiyi ay idi. Denasifikasiya ilə bağlı hədələr və ultimatumlar xoşməramlı jestlərlə əvəz olundu. Ondan sonra biz qələbəmizin qaçılmaz olduğunu hiss etdik”.

 

Ölkə başçısı həmçinin, Rusiyanın işğal etdiyi bölgələrdə yaşayan ukraynalılara da səslənərək, bütün torpaqların azad ediləcəyini bildirib: “Hazırda müvəqqəti işğal altında olan vətəndaşlarımız, Ukrayna sizi tərk etməyib, unutmayıb. Biz döyüşüb əsir düşən əsgərlərimizin hər birini geri qaytaracağıq. Biz məğlub deyilik və bu il qalib gəlmək üçün hər şeyi edəcəyik”.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR