"Elektron xəritələr yoxdur, vətəndaşlar əmlaklarını girov qoya bilmirlər" - Deputat ŞİKAYƏTLƏNDİ 

"Ölkə boyu 2007-ci ilə qədər verilən bələdiyyə torpaq sənədlərinin tanınması və onlar üzrə işlər aparılması ciddi problemə çevrilib. Vətəndaşlar evlərini qanuniləşdirə bilmir, sahibkarlar isə bizneslərini". 

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev bildirib.

 

Millət vəkili bəzi insanların əmlaklarını girov qoya bilmədiklərini deyib:


"Vətəndaş və sahibkarlar mülkiyyətlərini kapital kimi istifadə edə, girov qoya, kredit götürə bilmir. Əlavə olaraq deyim ki, tam məskunlaşdırılmış kənd təsərrüfatı və örüş sahələrində sənədləşdirmə işləri də aparmaq olmur. Əsas kimi isə 1963-cü ilin sovet xəritəsi götürülür. Bir kəndin ortasında və yaxud yaşayış evləri ilə əhatə olunmuş torpaqlar belə örüş sahəsi kimi gedir və bələdiyyələr o əraziləri vətəndaşa ev tikintisi üçün verə bilmir. Sual olunur ki, düz kəndin və ya digər yaşayış massivlərinin ortasında 2-3 hektarlıq yerdə örüş sahəsi ola bilərmi? Bu məsələlərin tezliklə qanuniləşdirilməsi vacibdir ki, qanunsuz tikililərin sayı çoxalmasın, heç olmasa, sabit qalsın".

 

Deputat torpaqların sürüşməsi ilə əlaqədar yaranan problemlərə də diqqət çəkib:

 

"Rayonlar üzrə elektron xəritələrin gecikdirilməsi normal inkişaf və planlaşdırma üçün ciddi problemlər yaradır. Bələdiyyələr xəritə olmadan öz torpaqlarını necə tanısın, necə icarəyə versin və necə idarə etsin? İllərdir eşidirik ki, elektron xəritələr təqdim ediləcək və illər də bitmir. Bu məsələnin bir izahı varmı? Mən istərdim ki, Əmlak Məsələləri Dövlət Xidməti və onun tabeçiliyində olan xidmətlər nəhayət ki, bu problemlərə aydınlıq gətirsinlər. 

 

Vətəndaş, sahibkar torpaq sahəsi alıb və onun koordinatları dövlət aktında, çıxarışda qeyd edilib. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidməti elektron vasitələrlə yeri yenidən ölçür və torpaq sahəsi bəzən on metrlərlə sürüşür. Nəticədə vətəndaşlar və sahibkarlar arasında münaqişə yaranır. Elə sahələr var ki, torpağın qiyməti çox bahadır və heç kim bir qarış yerini belə güzəştə getmək istəmir. Bu sahədə olan narazılığı və problemi həll etmək üçün hansı addımlar atılır, nələr edilib və nələr ediləcək, həll yolu nədir kimi suallara da Əmlak Məsələləri Dövlət Xidmətinin aydınlıq gətirməsini istəyirəm. Həqiqətən də, edilən müraciətlər həddindən artıqdır".

 

Əzizə Zeynal

 


OXŞAR XƏBƏRLƏR