Putin qərarsızdır – İkinci səfərbərlik qərarı veriləcək?

Putin qərarsızdır – İkinci səfərbərlik qərarı veriləcək?

Ukrayna Baş Qərargahının məlumatına görə, Rusiyada gizli səfərbərlik davam edir.  Bununla bağlı yayılmış məlumatda qeyd olunub ki, xüsusilə Qafqaz regionunda hərbi xidmətə çağırış yaşında olan kişilər məcburi şəkildə döyüş əməliyyatlarına cəlb olunur.

 

“Onların xeyli hissəsi məhbuslardır. Məhbuslar Ukrayna ərazisindəki döyüş əməliyyatlarında könüllü iştirak etmək şərti ilə həbsdən azad edilirlər”, deyə bildirilib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki,  Rusiyanın imkanları getdikcə tükənir və ordu daxilində xaos var:

 

“Bir sıra məsələlərdə nizami ordu ilə “Vaqner” muzdlu hərbi təşkilatının mövqeləri üst-üstə düşmür. Müxtəlif hərbi dairələrə tez-tez yeni komandanın təyin olunması da təsadüfi deyil. Ümumiyyətlə, Kreml daxilində Rusiya Silahlı Qüvvələrinə etibar tədricən azalır. Bunun əsas səbəbi ordunun uğursuzluqlarıdır. Rusiya ordusunun baş qərargah rəisi Valeri Gerasimovun döyüş əməliyyatlarına şəxsən rəhbərlik etməsi məhz orduya inamın azalmasının təzahürüdür. Yəni ölkədə səfərbərliyin ikinci dalğasının elan olunması mümkündür. Lakin səfərbərliyin ikinci dalğası barədə qərarın qəbulu Rusiya hakimiyyəti üçün risklidir. Bu, daxildəki narazılığı artıracaq”.

 

Müsahibimiz qeyd edib ki, Putin indi iki seçim arasında qalıb:

 

“O, ya daxili sabitliyə, ya da döyüş meydanındakı ambisiyalarına üstünlük verməlidir. Digər tərəfdən, Ukraynadan fərqli olaraq Rusiyaya dəstək verilmir. Bu isə o deməkdir ki, ehtimal edilən səfərbərlik zamanı hərbçiləri silah və texnika ilə təmin etmək çətin olacaq. Döyüşlər davam etdikcə Rusiya daxilində narazılıq artacaq. Gələcəkdə hakimiyyət əleyhinə çıxışların olması da mümkündür. Çünki iqtidar səfərbərlik adı ilə xalqı ölümə aparır. Üstəgəl, Qərbin rəsmi Moskvaya tətbiq etdiyi sanksiyalar daxili sosial durumu daha da ağırlaşdırır. Putin bacardığı qədər hazırkı durumu uzatmağa çalışacaq. Lakin vaxt Kremlin əleyhinə işləyir. Proses belə davam edərsə, Putin riskə gedərək həlledici qərarı verməli olacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR