Azərbaycan iqtisadiyyatında tənəzzül əlamətləri varmı? - Göstəricilər

Azərbaycan iqtisadiyyatında tənəzzül əlamətləri varmı? - Göstəricilər

2023-cü ilin yanvarında Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) kiçilməsindən sonra belə bir sual qarşıya çıxıb: biraylıq istehsalın azalmasını tənəzzül hesab etmək olarmı?

 

Sfera.az xatırladır ki, yanvarda ÜDM istehsalı ötən ilin yanvar ayı ilə müqayisədə 1,5 faiz azalıb. Azalmanın əsas səbəbi neft və qaz hasilatının azalması olub. Yanvarda 2,7 milyon ton neft, 3,1 milyard kubmetr qaz hasil edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricilərindən azdır. 2022-ci ilin yanvarında neft istehsalı 2,9 milyon ton, qaz hasilatı 3,2 milyard kubmetr olmuşdu.

 

Qeyd edək ki, biraylıq istehsalın azalması, eyni zamanda bir sahədə baş verən geriləmə səbəbindən ümumi istehsalın azalması tənəzzül hesab edilmir. 

 

İqtisadiyyatda tənəzzülün olduğunu demək üçün ÜDM ən azı 3 ay ardıcıl kiçilməlidir. Bununla bərabər yalnız bir sahədə deyil, digər mühüm sahələrdə də göstəricilər mənfiyə keçməlidir.

 

2023-cü ilin yanvarındakı nəticələrə diqqət yetirdikdə görürük ki, istehsalın azalması yalnız sənayenin neft-qaz bölməsində və nəqliyyat sektorunda baş verib.

 

Neft-qaz bölməsində pisləşmənin səbəbi məlumdur. Nəqliyyat sektorundakı kiçilmənin səbəbi isə kəmərlərlə neft ixracının azalmasıdır.

 

Tənəzzülün olması üçün sənaye ilə yanaşı əhalinin real gəlirləri, məşğulluq, pərakəndə ticarət, əsas kapitala sərmayə qoyuluşu da azalmalıdır.

 

Amma yanvarda bu göstəricilər pisləşməyib, əksinə bir qədər də yaxşılaşıb. Əhalinin real gəlirləri yanvarda 1,4 faiz artıb və 5,38 milyard manat olub.

 

Məşğulluq səviyyəsi də yüksəlib, həm muzdla çalışan işçilərin sayı artıb, həm də işsiz olan insanların sayı azalıb.

 

Pərakəndə ticarət dövriyyəsi də xeyli böyüyüb. Ay ərzində pərakəndə ticarətdə real 2,9 faiz artım qeydə alınıb və dövriyyə 4,3 milyard manata yüksəlib.

 

Əsas kapitala sərmayə qoyuluşu isə 61,2 faiz artaraq 1,092 milyard manat təşkil edib. Beləliklə, yalnız neft və qaz sektorunda istehsalın azalmasını ümumi iqtisadiyyatda tənəzzül faktı kimi təqdim etmək olmaz. Amma bununla belə istisna etmək olmaz ki, ümumi qlobal proseslərə uyğun olaraq Azərbaycanda da iqtisadi geriləmə davamlı olsun və bu tənəzzül faktı kimi xarakterizə edilsin. Hazırkı göstəricilərlə isə tənəzzül olduğunu söyləmək hələ mümkün deyil. 

 

Vasif


OXŞAR XƏBƏRLƏR