Ötən il neçə nəfərə mühafizə orderi verilib? - Açıqlama

Ötən il neçə nəfərə mühafizə orderi verilib? - Açıqlama

Zərəçəkmiş şəxslərə verilən mühafizə orderlərinin müddətinin artırılması nəzərdə tutulur.

 

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova məlumat verib.

 

Maraqlıdır, ötən il ərzində neçə  mühafizə orderi verilib?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Teymur Mərdanoğlu ötən il 158 mühafizə orderinin verildiyini deyib:

 

"Ötən il ərzində icra hakimiyyətləri tərəfindən 146 qısamüddətli mühafizə orderi verilib. Uzunmüddətli mühafizə orderlərinin sayı isə 12 olub. Mühafizə orderləri üçün ən çox müraciətin hansı bölgədən olması ilə bağlı isə bizdə məlumat yoxdur".

 

Qeyd edək ki, məişət zorakılığının qarşısının alınması haqqında qanunda Mühafizə Orderi adlı bəndi var. Zərərçəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər. Qısamüddətli mühafizə orderində məişət zorakılığını törətmiş şəxsə məişət zorakılığının təkrar törədilməsi, yeri məlum olmadıqda həmin şəxsin axtarılması, ona qarşı narahatlıq gətirən digər hərəkətlərin edilməsi qadağan edilir. Uzunmüddətli mühafizə orderində isə əlavə olaraq məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət, yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi əksini tapıb.

 

Qanunun tələbinə görə məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda, lakin bu hərəkətlər nəticəsində zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin şəxsə yazılı xəbərdarlıq edilə və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilə bilər. Müvafiq icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərər çəkmiş şəxsə 30 gün müddətinədək qısamüddətli mühafizə orderi verir. Şəxsin qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməməsi uzunmüddətli mühafizə orderinin verilməsi üçün əsas ola bilər. Uzunmüddətli mühafizə orderi isə 30 gündən 180 gün müddətinə verilir. Bu orderin verilməsi barədə məhkəmə qərarının çıxarılması qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

 

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR