Tehranın “3+3” TƏKLİFİ: “Abdullahiyanın açıqlaması manipulyasiya xarakterlidir”

Tehranın “3+3” TƏKLİFİ: “Abdullahiyanın açıqlaması manipulyasiya xarakterlidir”

Ötən gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Tehranın Rusiya, Azərbaycan, Türkiyə, Ermənistan və Gürcüstan xarici işlər nazirləri ilə “3+3” formatında görüş keçirməyə hazır olduğunu deyib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov  bildirib ki, İran regional əməkdaşlıqda maraqlı deyil və bunu dövlət rəsmilərinin ritorikası da sübut edir.

 

“İndiki mürəkkəb geosiyasi durumda İran xarici işlər nazirinin açıqlaması daha çox regionda mövcudluğunu göstərməyə çalışmaq niyyətlidir. Nəzərə almaq lazımdır ki, İran daxilində davam edən aksiyalar və Rusiyaya verdiyi dəstəyə görə bu dövlət tədricən sivil dünyadan təcrid olunur. İrana qarşı tətbiq olunan sərt sanksiyalar mövcud iqtidarın işini hər ötən gün çətinləşdirir. Belə çətin bir vaxtda İran, heç olmasa, bölgədəki nüfuzunu qorumaq istəyir”.

 

Ekspert deyib ki, region ölkələrinin baş diplomatlarının indiki halda Tehrana səfəri İran hakimiyyətinə sərf edir:

 

“İran bu amildən öz reputasiyasını bərpa etmək üçün istifadə edəcək. Amma xarici işlər nazirlərinin yaxın vaxtlarda İranda toplaşması ağlabatan görünmür. İran daxilindəki və beynəlxalq siyasi konyuktura buna imkan vermir. Ümumiyyətlə, Abdullahiyanın açıqlaması situativ olmaqla, həm də manipulyasiya xarakteri daşıyır. Onun bu bəyanatına bənd olmaq lazım deyil. İran, həqiqətən, regional əməkdaşlıqda maraqlıdırsa, onda Cənubi Qafqazın əsas aktoru olan Azərbaycanla münasibətləri normallaşdırmalı, ritorikasını dəyişməlidir. Bunu etməyənədək Tehranın regionla bağlı açıqlamalarında səmimilik axtarmağa dəyməz”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR