Rusiya nüvə sazişindən çıxdı – Qərbdən ilk reaksiyalar

Rusiya nüvə sazişindən çıxdı – Qərbdən ilk reaksiyalar

Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində nüvə sazişindən çıxdığını deyib. O,  ABŞ-nın Ukraynaya dəstəyinə görə Rusiyanın müqavilədə iştirakını dayandırdığını vurğulayıb.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı amerikalı ekspertlər müxtəlif fikirlər irəli sürüblər. Amerika Alimləri Federasiyasının nüvə informasiya layihəsinin direktoru Hans Kristensen deyib ki, hər iki tərəf öz nüvə qüvvələrinin ümumi sayı haqqında məlumat mübadiləsi aparmalı olduğu gün, yəni martın 1-də hər şey bəlli olacaq. Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun strategiya, texnologiya və silahlara nəzarət üzrə direktoru Uilyam Alberq isə bildirib ki, Rusiyanın nüvə sazişindən çıxması müəyyən problemlərə yol açacaq:

 

“Yəni Rusiya bildirişləri təqdim etməmək qərarına gəlsə, onlarda nə qədər strateji silah olduğunu, uyğun yerdə olub-olmadıqlarını dəqiq izləyə bilməyəcəyik”.

 

ABŞ dövlət katibi Antoni Blinken Rusiyanın bu addımını “məsuliyyətsizlik” adlandırıb.

 

"Rusiyanın əslində nə etdiyini görmək üçün prosesləri diqqətlə izləyəcəyik. Əlbəttə, öz ölkəmiz və müttəfiqlərimizin təhlükəsizliyi üçün lazımi mövqe tutduğumuza əmin olacağıq”, deyə Blinken əlavə edib.

 

Putinin müraciətindən bir neçə saat sonra isə Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya müqavilədə iştirakını dayandırsa da, nüvə silahlarına dair məhdudiyyətlərə hörmət edəcək.

 

“Rusiya, həmçinin ABŞ ilə əvvəlki razılaşmalara əsasən ballistik raketlərin sınaq buraxılışları ilə bağlı məlumat mübadiləsini davam etdirəcək”, XİN qeyd edib.

 

Rusiya-ABŞ nüvə müqaviləsi nədir?

 

Sözügedən müqavilə 2010-cu ildə Obama administrasiyası tərəfindən imzalanıb və 2011-ci ilin fevralında 10 illik müqavilə kimi qüvvəyə minib. Müqaviləyə əsasən, həm Rusiya, həm də ABŞ nüvə arsenallarının statusu ilə bağlı mütəmadi məlumat mübadiləsini öhdəsinə götürür, müntəzəm yerlərdə yoxlamalara icazə verir və hər biri döyüş başlıqlarının sayına dair məhdudiyyətlərə riayət etməyi qəbul edirdi. Razılaşma qitələrarası ballistik raketlərin sayı 700 ədəd, nüvə başlıqlarını 1550 ədədə qədər azaldılmasını nəzərdə tuturdu.

 

ABŞ və Rusiya hərbi obyektlərinin təftişləri 2020-ci ilin martında koronavirusun yayılması səbəbindən hər iki tərəf tərəfindən dayandırıldı. Müqavilənin icrasına nəzarət edən ABŞ-Rusiya komissiyası sonuncu dəfə 2021-ci ilin oktyabrında toplaşıb. Lakin Rusiya ABŞ-ın Ukraynaya dəstəyinə etiraz olaraq 2022-ci ilin avqustunda müqavilənin təftiş müddəaları ilə əməkdaşlığını birtərəfli qaydada dayandırıb. Bu müzakirələr noyabrın sonunda Misirdə bərpa edilməli idi, lakin Rusiya konkret səbəb göstərmədən onları qəfil ləğv etdi. Yanvarın sonlarında Bayden administrasiyası bildirdi ki, Rusiya öz ərazisində yoxlamalara icazə verməkdən imtina edərək sazişin şərtlərinə əməl etmir.

 

Xatırladaq ki, ABŞ da daha əvvəl Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması üzrə Müqavilədə iştirakını dayandırmışdı. Donald Tramp administrasiyası dövründə Vaşinqton Moskvanı kobud qanun pozuntularında ittiham edərək müqavilənin müddətinin uzadılması üçün danışıqlardan imtina etmişdi. Lakin prezident Co Bayden 2021-ci ildə vəzifəyə gələndə müqavilənin beş il müddətinə uzadılmasına imza atmışdı.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR