Birinci xanımı geyindirdi, cazibədar aktrisanı dəb ikonasına çevirdi - FOTOLAR

Birinci xanımı geyindirdi, cazibədar aktrisanı dəb ikonasına çevirdi - FOTOLAR

Fevral daha bir dünya şöhrətli dizaynerin dünyaya gəldiyi aydır. Daha öncə Pako Rabandan söz açmışdıq. Bu dəfə isə 21 fevral 1927-ci ildə dünyaya göz açmış, 2018-ci ildə, 91 yaşında  vəfat etmiş fransız modelyer Hubert de Givenchydən bəhs edəcəyik.


Hubert 1952-ci ildə öz adını daşıyan "House of Givenchy" brendini və moda evini qurub. O, dünya şöhrətli aktrisa Odri Höpbörn və ABŞ-ın keçmiş birinci xanımı Jaklin Kennedi kimi məşhurlar üçün geyimlər dizayn edib. Fransız modelyer uzun illər Monako şahzadəsi Qreys Kellini və aktrisa Elizabet Teyloru da geyindirib və Parisi modanın paytaxtına çevirib. 

 

Onun da yolu ilk öncə “Pierre Balmain” və “Christian” Dior kimi əfsanələr yaradan Lelongun emalatxanasından keçib. Heyran olduğu “Balenciaga”nın qanadları altında reformist dizayn yanaşması ilə sektora yeni formalar gətirib. İkinci Dünya Müharibəsindən sonra yoxluq illərində modelyerliyə başlayan və böyük uğurla yoluna davam edən, son illərini isə sənət məsləhətçisi və kolleksiyaçı kimi keçirən əfsanəvi dizaynerin hekayəsi ilə tanış olaq.

Hubert de Givenchy kimdir?

Givenchy deyəndə ağla ilk öncə aktrisa Odri Höpbörn gəlir. Dizayner  onunla tanış olanda əvvəlcə çox təəccüblənib, geyimlərinin aktrisaya uyğun olmayacağını düşünüb. Bircə şam yeməyindən sonra isə Givenchy Odriyə "Sənin üçün nə istəsən, edəcəm" deyərək həm özü, həm də aktrisa üçün yüksəlişlə dolu karyera illərinin başlamasına səbəb olub. Modelyer dəb ikonasına çevirdiyi aktrisanı demək olar ki, ölənə qədər geyindirib. 

İndi isə biraz daha əvvələ qayıdaq…

Givenchy atasını cəmi 2 yaşında ikən itirib. Onu anası, eləcə də nənəsi və babası böyüdüb. Genetik cəhətdən bəxti gətirib, sənətə marağı moda sahəsində özünü göstərib. O günlərdə nənəsindən zaman-zaman mükafat olaraq aldığı parçalarla qardaşı və anasına müştəri rollarını verərək dərzi rolunu oynamağa başlayıb. Bu həvəsi anası tərəfindən dəstəkləndiyi üçün hüquq təhsilini yarımçıq qoyan Hubert de Givenchy Parisdəki Gözəl Sənətlər Məktəbində təhsil almağa başlayıb. 

O, ilk işini, qismən anasının yaxşı münasibətləri sayəsində dövrün əhəmiyyətli dizayneri Jak Fartun moda evində tapıb. Farth Rita Hayworth və Evita Peron kimi simaları geyindirən dizayner idi. Birlikdə işlədiyi bütün moda evlərini bir çox dəyərli təcrübə və müşahidələrlə tərk etməyi bilən Givenchy burada məşhurlarla karyera nərdivanını dırmaşmaq üçün məsləhətlər əldə edib. 


Schiaparelli ilə gələn yüksəliş

Onun yol 1947-ci ildə moda tarixinin ən önəmli qadın dizaynerlərindən biri olan Schiaparellinin yamaclarına gətirib çıxarır. Givenchy tezliklə Schiaparellinin sevimlisinə çevrilir. Bu yüksəliş onu öz moda evini açmağa həvəsləndirir. Qardaşının maddi dəstəyi ilə o, Schiaparellidən ayrılır və 1952-ci ildə ilk butikini açır. 

İmkansızlıqlardan ixtiralar doğulur…


Müharibədən sonrakı dövrün imkansızlıqları və bu qədər gənc olması onu yenilikçi yola sövq etmişdi. Bütün çatışmazlıqlar yeni ixtiralarla nəticələnir. Dizayner rəqibi Diorun bahalı ipəkdən hazırlanmış ekstravaqant geyimlərindən və dəbdəbəli qum saatı siluetindən daha gənc, daha yumşaq bir obraz yaratdı. Eyni zamanda iki hissəli kostyumlara üstünlük verdi. Givenchy bu daha əlçatan, daha təvazökar kolleksiyada kişi köynəklərində istifadə olunan sadə parçalara üstünlük verdi. “Bettina” adlı bu debüt kolleksiyası təkcə sadəliyi və praktikliyi ilə deyil, həm də iki hissəli olması etibarilə qadınlara seçim azadlığı verirdi. Bununla da dövrün ruhunu uğurla ələ keçirdi. O, elə bir külək əsdirdi ki, əks-sədası Yeni Qitədən eşidildi.

 

Balenciaganın qanadları altında…
 

Givenchy Nyu-Yorka dəvət olundu. Onun həyatında yeni bir dövr başladı, heyran olduğu və daha əvvəl görüşə razılıq verməyən Cristobal Balenciaga ilə kokteyl gecəsində tanış oldu.

 

Moda dünyasının avanqard dizayneri Balenciaga gənc Givenchynin uzaqgörən perspektivini və onun bu peşəyə olan həvəsini bəyəndi. Onu qanadlarının altına alaraq yenidən formalaşdırmağa başladı. Beləliklə, Givenchy dizaynında müasir incəsənətdən ilhamlanan bir dövr başladı,  işlək olmayan detallar çıxarıldı. Onların ayrı brendləri olsa da, karyeraları boyu islahatçı dizayn yanaşmalarını sinxronlaşdıraraq sənayedə yeni normalar təklif etdilər. Hətta 60-cı illərdə axının ziddinə gedərək "Çuval paltar"ı yaratdılar. Bütün sosial məcburiyyətlərə baxmayaraq, bu paltarlar qadın formasını vurğulamağın əksinə onu kamuflyaj edirdi və müəyyən mənada qadın fiqurasını ucaltmaq stereotipinə qarşı çıxırdı. 

 

“Tiffanidə səhər yeməyi…”

1953-cü ildə baş verən məşhur tanışlıq gününə qədər Givenchynin həyatında bunlar baş vermişdi. Digər tərəfdən, Odri Höpbörn Balenciagadan kolleksiya hazırlığı bəhanəsi ilə rədd cavabı almış, Givenchy də onu eyni bəhanə ilə görmək istəməmişdi.  Ancaq bir nahar yeməyindən sonra hər şey dəyişmişdi. 
İlk dəfə 1954-cü ildə çəkilmiş "Sabrina" filmində birlikdə işlədilər, sonra isə “Tiffanidə səhər yeməyi” filminin açılış səhnəsində gördüyümüz o sadə, qara paltar ilə yaddaşlara həkk olundular. 


Kinematoqrafiya modasında ən yaddaqalan ana imza atan dizayner ilə aktrisa həm də daha gənc, praktik şərh ilə mürəkkəb Paris obrazını yeniləyirdilər. Sonrakı filmlərinin demək olar ki, hamısında Givenchy ilə işləyən Odri həm də film sənayesinə personajların yaradılmasında geyim dizaynının əhəmiyyətini göstərdi.

 

 

Moda ikonası Jaklin Kennedi


Bütün bu filmlərdən gələn şöhrətlə, Qreys Kellidən İnqrid Berqmana, Qreta Qarbodan Vindzor hersoginyasına qədər Givenchynin "ulduz müştərilər siyahısı" formalaşmağa başlamışdı. Lakin Odridən sonra bonu ən çox həyəcanlandıran şəxs 1960-cı ildə tanış olduğu Jaklin Kennedi idi. Bütün zamanların ən böyük moda ikonalarından biri  Jaklin bir çox uğurlu dizaynlar geyinirdi. Lakin Fransaya Şarl de Qollun dəvəti ilə baş tutan səfəri zamanı geyindiyi naxışlı boyunduruqlu krem rəngli paltarı unudulmaz oldu. Avropalı qadınların qəlbini fəth etdiyi Fransa səfərindən qayıdan Jaklin fransız qadınları ilə müqayisə olunmaqdan xoşbəxt oldu və modelyerinə təşəkkür etdi. 

Ətir dünyasında bir ilk…


Givenchy ətir bazarına 1957-ci ildə Odri üçün istehsal edilən "L'interdit" ətri ilə daxil olub. Höpbörnün təqdim etdiyi ətirlə dünya ilk dəfə bir aktrisanı ətirin siması olaraq gördü. Həmin ildən sonra brend ətir və kosmetika məhsulları istehsalında da öz sözünü deməyə davam etdi. 1988-ci ildə brendi Louis Vuitton Moet Hennessynin (LVMH) bir hissəsinə çevrilən Givenchy, 1995-ci ilə qədər bu dam altında bədii rəhbər vəzifəsini davam etdirir. 

 


Sakit keçən təqaüd illəri…


Daha sonra təqaüdə çıxır, moda səhnəsindən uzaqlaşır. Odri ilə birlikdə qatıldığı sərgi açılışlarından başqa ortalarda görünməyən Hubert de Givenchy bəzən də məşhur auksion evlərindən birinə 17-18-ci əsrlərə aid antik mebellər üzrə məsləhətlər verirdi. O, Paris xaricindəki malikanəsinə köçdü və həyat yoldaşı Filippe Venet, nəhəng bağı və Pikasso, Miro kimi ağır çəkili sənətçilərin əsərlərinin də daxil olduğu müasir incəsənət kolleksiyası ilə fərqli bir həyata üz tutdu. 

20-ci əsrin yenilikçi qadın obrazını yaradan və hələ də bir çox moda evlərində və hazır geyim brendlərində izlərini gördüyümüz ikonik paltarın yaradıcısı Hubert de Givenchy, şübhəsiz ki, gələcək illərdə də moda sənayeyə işıq salmağa davam edəcək.

Lalə 
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR