Ruben Vardanyan istefaya göndərilir, yerinə isə... – “Azərbaycana fərqi yoxdur”

Ruben Vardanyan istefaya göndərilir, yerinə isə... – “Azərbaycana fərqi yoxdur”

Erməni mediasının məlumatına görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçıların "dövlət naziri" Ruben Vardanyan fevralın 23-də istefaya göndəriləcək.

 

Onun yerinə isə separatçı-terrorçu rejimin qanunsuz "prokuroru" Qurgen Nersisyanın təyin ediləcəyi gözlənilir. Qurgenin Soros dairələri ilə bağlı olduğu vurğulanır.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, “dövlət naziri” postuna təyin edilməsi gözlənilən Qurgen Nersisyanın Qərblə olan əlaqəsi güman ki, Paşinyan üzərindəndir:

 

“Bildiyimiz kimi Paşinyan hakimiyyəti birbaşa Qərblə bağlıdır. Ona görə də hesab edirəm ki, Nikolla Nersisyanın əlaqəsi var. Ruben Vardanyanın istefaya göndərilməsi görünür, məhz Paşinyanın təşəbbüsüdür. Qaldı ki, Azərbaycan üçün istər Ruben olsun, istərsə də Qurgen – bunların heç biri önəmli deyil. Yəni onların hər biri separatçı ünsür nümayəndələridirlər”.

 

Müsahibimiz qeyd edib ki, orada hər hansı dövlət və ya muxtar qurumun olması qeyri-mümkündür:

 

“Yalnız Azərbaycan dövlət orqanlarının orada qurulması ilə Qarabağda doğulmuş, böyümüş, yaşamış şəxslər qurumlarda müvafiq vəzifələr tuta bilər. Bu da təbii ki, ölkəmizin razılığı ilə olmalıdır. Paşinyan isə Qurgeni təyin etməklə öz aləmində islahat edir, amma əslində öz məqsədlərini həyata keçirir, özünə sadiq qüvvələri orada kadr kimi formalaşdırmağa çalışır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR