“Bu format bölgə üçün mühümdür, lakin İranın...” - Açıqlama

“Bu format bölgə üçün mühümdür, lakin İranın...” - Açıqlama

İranın xarici işlər naziri Əmir Hüseyn Abdullahian Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə görüşündə İranın Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya və Gürcüstanın xarici işlər nazirləri ilə Tehranda 3+3 formatında görüş keçirməyə hazır olduğunu deyib.

 

Maraqlıdır, İranın “3+3” formatlı görüş istəməsinin səbəbləri nə ola bilər? Bu konteksdə Azərbaycan İran münasibətlərində müəyyən yumşalma ola bilərmi?

 

Mövzu ilə bağlı  Sfera.az-a açıqlama verən deputat Cavid Osmanov İranın qonşu dövlətlərlə görüş istəməsinin arxasında xüsusi məqsədin dayandığını deyib:

 

“3+3 formatının region üçün böyük əhəmiyyəti var. Bu format baş tutarsa, regionda həm təhlükəsizlik,  həm də daha sürətli inkişaf ola bilər. “3+3” formatı təklifi ilk dəfə 44 günlük müharibədən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülmüşdü. Bu formatın ərsəyə gələ bilməməsinin köklü səbəbləri var. İlk növbədə Azərbaycan-Ermənistan münasibətləri normallaşmalı, sülh müqaviləsi imzalanmalıdır. Eyni zamanda Gürcüstan-Rusiya münasibətləri qaydasına düşməlidir.

 

İran özü də son iki il ərzində Azərbaycana qarşı əsassız ittihamlar səsləndirir, qərəzli mövqe sərgiləyir. İran sərhəddə təlim keçirməklə guya, əzələ nümayiş etdirir.  Bütün bunlar və Azərbaycan səfirliyində  törədilmiş terror aktından sonra İranın belə təşəbbüsü  daha çox beynəlxalq ictimai rəyin yönləndirilməsinə hesablanıb. Çünki İranın daxilində gərgin vəziyyət hökm sürür və insanların molla rejimindən qurtulmaq niyyəti də aktualdır”.

 

Millət vəkili İranın sadəcə bəyanat verməməli olduğunu, müəyyən addımlar atmalı olduğunu da qeyd edib:

 

“İndiki halda onlar bəyan etməyə çalışırlar ki, guya bölgədə sülhə töfhə vermək, əmin-amanlığa nail olmağa çalışırlar. Prezident Münxen təhlükəsizlik konfransında İranla münasibətlərə toxundu və bildirdi ki, səfirliyimizə edilən hücum, terror aktını törədən şəxs və sifarişçilər araşdırılmalı, layiqli cəzasını almalıdırlar. İranın keçən zaman ərzindəki araşdırması onu göstərir ki, rəsmi Tehran bu məsələdən boyun qaçırır. Təkrar vurğulamaq istərdim ki, "3+3" formatı bölgə üçün mühümdür, lakin İranın bəyanatının arxasında real addımlar atılmalıdır”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR