Zəlzələ bölgəsindən təxliyə edilən vətəndaşlırımızın problemləri ilə hansı qurumlar məşğuldur?

Zəlzələ bölgəsindən təxliyə edilən vətəndaşlırımızın problemləri ilə hansı qurumlar məşğuldur?

Son rəqəmlərə görə, Türkiyədə baş vermiş zəlzələdən sonra 565 nəfər Azərbaycan Respublikası vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən təxliyə olunub.

 

Zəlzələnin baş verdiyi Kahramanmaraş, Hatay, Adana, Malatya, Adıyaman, Qaziantep, Şanlıurfa, Osmaniyə, Kilis və Diyarbakırdan təxliyə prosesi davam etməkdədir.

 

Maraqlıdır, ölkəyə təxliyə olunan və yaşayış yeri olmayan vətəndaşlarımız bu problemlə üzləşdikdə nə edə bilər?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə XİN-ə bu problemlə bağlı müraciət daxil olmadığını deyib:

 

"Hazırda  bu  problemlə bağlı bizdə məlumat yoxdur. Xarici İşlər Nazirliyinə bu məsələ ilə əlaqədar müraciət edilməyib".

 

Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov saytımıza açıqlamasında Türkiyədən təxliyə olunan vətəndaşlarımıza Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsində xidmət göstərildiyini deyib:

 

“Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində zərər çəkən və ölkəmizə təxliyə edilən Azərbaycan vətəndaşları və onların digər ölkə vətəndaşı olan ailə üzvləri ilk növbədə müvafiq səhiyyə müəssisələrində tibbi müayinə və müalicəyə cəlb olunurlar.

 

Bu müddət bitdikdən sonra onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsində reabilitasiya xidməti göstərilir”.

 

Konstitusiya Araşdırmaları Fondunun prezidenti, Ədliyyə naziri yanında ictimai komitənin üzvü Əliməmməd Nuriyev isə bildirib ki, yerləşmə ilə bağlı problem yaşayan vətəndaşlarımız iki quruma müraciət edə bilərlər:

 

"Həmin vətəndaşlarımızın yerləşdirilməsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğul olmalıdır. Çünki məcburi köçkün və qaçqınlar üçün ayrılmış bütün binalar bu nazirliyin balansındadır. Bizdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi də var, ora daha çox məcburi köçkünlərin probleminə baxırlar. Lakin təxliyə olunan vətəndaşlarımız bu quruma da müraciət edə bilərlər. Hökumət yerləşdirməni adını çəkdiyim iki qurumdan birinə tapşıracaq".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR