Putin bu gün vacib açıqlamalarla çıxış edəcək – Baydenə cavab verəcəkmi?

Putin bu gün vacib açıqlamalarla çıxış edəcək – Baydenə cavab verəcəkmi?

Rusiya prezidenti Vladimir Putin bu gün Federal Məclisə müraciət edəcək. Mərasim Moskva vaxtı ilə günorta saatlarında başlayacaq. Digər tərəfdən fevralın 24-də Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 10-cu paketini dərc etməyə hazırlaşır, ABŞ bu həftə Rusiyaya qarşı daha bir qadağalar toplusu elan etməyi planlaşdırır. 

 

Bu ərəfədə Ağ Ev rəhbəri Co Bayden şəxsən Kiyevə uçub və Ukrayna lideri Zelenski ilə danışıqlardan sonra ölkəyə daha 500 milyon dollarlıq hərbi yardım paketinin ayrıldığını elan edib. Bu baxımdan hazırda Putinin çıxışı diqqət mərkəzindədir.

 

Sfera.az bildirir ki, rusiyalı analitiklər ABŞ prezidentinin dünənki səfərini  Rusiya ilə münasibətləri daha da gərginləşdirmək niyyətinin sübutu kimi qiymətləndiriblər. MDB Ölkələri İnstitutunun direktor müavini Vladimir Jarikh  sözügedən qərarı “təxribat” adlandırıb.

 

“Bayden bununla Putinə meydan oxudu. Düşünürəm ki, prezidentin mesajında ABŞ prezidenti də öz cavabını alacaq".

 

Baş verənlər fonunda rus mətbuatı Putinin gözlənilən müraciətə diqqətlə hazırlaşdığını, mətn üzərində işin çoxdan başladığını vurğulayıb. Kremlin sözçüsü Peskovun sözlərinə görə, proses daha çox bağlı qapılar arxasında keçirilib.

 

Məlumata görə, hazırlıqlar zamanı Putin müəyyən məqamlara aydınlıq gətirmək üçün dəfələrlə baş nazirin müavinləri, nazirlər, müvafiq idarə rəhbərləri ilə əlaqə saxlayıb. Parlamentə müraciətin elan edilməsindən bir həftə əvvəl prezidentlə parlament fraksiyalarının rəhbərləri arasında ənənəvi görüşlər keçirilib. Lakin Putinin gözlənilən çıxışının əsas məqamları ictimaiyyətə açıqlanmayıb.

 

Bununla belə, Peskov qeyd edib ki, prezidentin çıxışı xüsusilə mövcud vəziyyətə, iqtisadiyyat və sosial problemlərə yönələcək. Dövlət Dumasında bütün beş fraksiyadan olan deputatlar hesab edirlər ki, Ukrayna savaşı mövzusu Putinin mesajında mərkəzi yer tutacaq. Parlamentarilər dövlət başçısından ölkə iqtisadiyyatının inkişafının əsas istiqamətləri, onun müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, habelə ənənəvi olaraq Rusiya Federasiyası vətəndaşlarına sosial dəstək tədbirləri haqqında tezislər eşitməyi gözləyirlər.

 

Rus mediasının məlumatına əsasən, bir qayda olaraq, mərasimə 1000-ə yaxın qonaq dəvət olunur: Dövlət Dumasının deputatları və senatorları, hökumət üzvləri, Prezident Administrasiyasının yüksək vəzifəli şəxsləri, Baş Prokurorluğun, Konstitusiya və Ali Məhkəmələrin rəhbərləri, regionların rəhbərləri, MSK-nın, Hesablama və İctimai Palataların sədrləri, əsas konfessiyaların rəhbərləri. Amma bu il dəvət olunanlar  arasında xüsusi hərbi əməliyyatın iştirakçıları da yer alacaq. Medianın akkreditasiyasına gəlincə, Kreml yalnız rusiyalı jurnalistləri və dost dövlətlərdən müxbirləri dəvət etmək qərarına gəlib. Peskov bildirib ki, dost olmayan ölkələrin mediasını təmsil edən əcnəbi jurnalistlər akkreditasiyadan keçməyib, lakin onlar istənilən kanalda canlı yayıma baxa biləcəklər.

 

Xatırladaq ki, Rusiya lideri sonuncu dəfə 2021-ci ilin aprelində parlamentə müraciət edib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR