Xoşbəxt cütlüklərin 10 vərdişi 

Xoşbəxt cütlüklərin 10 vərdişi 

Lev Tolstoy deyirdi ki, bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir. Çoxsaylı araşdırmalar da təsdiqləyir ki, xoşbəxt və uzunömürlü münasibətə sahib cütlüklərin hamısı oxşar vərdişlərə malikdirlər. Deməli, həmin vərdişlərə yiyələnərək siz də sevdiyiniz şəxslə uzun illər birlikdə olmaq yolunda müsbət bir addım ata bilərsiniz. 

 

Bəs xoşbəxt cütlüklər sevgilərini illər ərzində daha da gücləndirmək üçün nə edirlər?

 

1. "Səni sevirəm" deyirlər

Əgər bu sizə sadə görünürsə, özünüzü təbrik edə bilərsiniz. Çünki bəzi cütlüklər nədənsə bir-birlərinə sevgilərini etiraf etməyi lazım görmürlər. Ancaq bu üç sadə şəfqət sözü gərgin atmosferi aradan qaldıra, hər şeyin yaxşı olduğuna inam yarada bilər.

 

2. Mübahisə yox, müzakirə edirlər

 “Mübahisə etməyin” – qoy bu, münasibətlərinizdə əsas qaydanız olsun. Nə isə sizi narahat edirsə, nə isə səhv gedirsə, sadəcə sevdiyiniz insanla həmin məsələni müzakirə edin. Xoşbəxt cütlüklər beyinlərinin lazımsız şübhə və incikliklə çirklənməsinə imkan vermirlər.


3. Bir-birlərini dinləyirlər 

Bunu az əvvəlki maddənin davamı hesab etmək olar. Çünki müzakirə zamanı danışmaqdan çox dinləməyə əhəmiyyət vermək lazımdır. Qarşı tərəfin sözünü kəsməyin, bütün izahatları səbirlə dinləyin. Bəzən sevdiyiniz insanın alovlu çıxışı zamanı cavab olaraq nə deyəcəyinizi düşünmək əvəzinə sadəcə olaraq onun sözlərinə qərq olmağa çalışın. Danışmaq növbəsi sizə çatanda isə suallara bir sözlü cavablar verməyin.


4.Onlar savaşmırlar, sevişirlər


Xoşbəxt cütlüklər münasibətlərinin döyüş meydanı olmadığını başa düşürlər. Mübahisələr və anlaşılmazlıqlar yaransa belə, onlar bir-birlərindən uzaqlaşmırlar, öz nöqteyi-nəzərini qarşı tərəfə məcburi şəkildə qəbul etdirməyə çalışmırlar. Pis davranışa görə danlayan ana və ya danlanan yeniyetmə kimi davranmırlar.

 
5. İctimai yerlərdə bir-birlərini tənqid etmirlər


Amerikalı psixoloq Daniel Qoleman 1000 cütlüyün iştirak etdiyi araşdırma aparıb və nəticə acınacaqlı olub: bir-birini daim tənqid edən və dəyərsizləşdirən ər-arvadların 93%-i 4 il ərzində boşanıb. Tənqid münasibətlər üçün ən zəhərli maddədir. Həm də bəzən məsələ nə dediyiniz yox, necə dediyinizdir. Odur ki, üsluba fikir verin, sevdiyiniz şəxslə danışarkən sözü bişirib çıxarın, sonradan peşman olacağınız cümlələr sərf etməyin. Ən əsası xoşunuza gəlməyən davranışları tənqid edərkən də xoş sözlərdən istifadə etməyi və qarşı tərəfi incitmədən narazılığınızı dilə gətirməyi öyrənin. 

 

6. Daim əl-ələ tutuşurlar

Bəziləri üçün bu, bağça uşaqlarının vərdişidir. Adətən, aralarında fiziki cazibə olmayan cütlüklər demək olar ki, əl-ələ tutuşmurlar. Bəzi insanlar isə bunu qeyri-ciddilik kimi başa düşür və hətta avtomobildə, küçədə əl-ələ gəzən cütlükləri ələ salırlar. Alimlər isə bu məsələnin çox ciddi olduğunu söyləyirlər. Çünki partnyora tez-tez toxunmaq etibarlı münasibətlər qurmaq üçün həqiqətən vacibdir. Qadınlar bunu belə qəbul edirlər: "Onun mənə qarşı hissləri var və bunu ictimaiyyətə göstərməkdən çəkinmir". Bir kişi üçün isə bu, sevgisini hiss etdirməyin və başqasında gözü olmadığını göstərməyin ən sadə yoludur.

 
7. Birlikdə xəyal qururlar

Birgə qurulan xəyalların ikiqat tez gerçəkləşdiyi deyilir. Ümumiyyətlə, partnyorların ümumi məqsəd üçün çalışması onları heyrətamiz şəkildə yaxınlaşdırır. Uzunömürlü münasibət üçün ortaq xəyallar və hədəflər vacibdir. 


8. Bir-birlərinə təklik azadlığı verirlər. 


Xoşbəxt cütlük hətta günün 24 saatını bir evdə keçirsə belə, tərəflərdən hər biri tək qalmaq şansı əldə edə bilir. Bu, cansıxıcı olduqda isə yenidən biraraya gəlirlər. Hər kəsin şəxsi məkana ehtiyacı var. Sevdiyiniz insanın bəzən düşüncələri ilə tək qalmaq və ya öz hobbiləri ilə məşğul olmaq ehtiyacını sizdən uzaqlaşması kimi qiymətləndirməyin. 

9. Bir-birlərini tərifləyirlər
 

Yuxarıda dedik ki, ictimaiyyət içində tənqid münasibətlərə ölümcül zərbə vura bilər. Tərif isə bunun əksidir. İstər qadın, istərsə də kişi partnyoru tərəfindən hamının içində təriflənməkdən həzz alar. Fürsətdən istifadə edərək onun necə gözəl göründüyünü, yeməyi necə inanılmaz ləzzətli bişirdiyini və ya evdə xarab olan bir cihazı necə bacarıqla düzəltdiyini gündəmə gətirin. Onun bütün karyera nailiyyətlərini yaddaşınızda saxlayın və ətrafınızdakı insanlara tez-tez xatırlatmaqdan çəkinməyin. Qarşılıqlı təriflər, xoş sözlər, heyran baxışlar - bütün bunlar hər bir insanın hiss etmək istədiyi sevginin müxtəlif variantlarıdır. “Sən xüsusisən! Sizə sahib olduğum üçün çox şanslıyam”, cümlələri isə sehrlidir. 

 

10. Bir-birlərini təəccübləndirirlər


Qarşı tərəfin zövqlərini özünüz üçün aydınlaşdırın və hər ikinizin də zövq ala biləcəyi sürprizlər edin. Planlaşdırılmamış səfər, izləmək istədiyi filmə bilet və ya ən sevimli qrupunun konsertinə dəvət, səbəbsiz yerə alınan gül buketi, bazar günü ləzzətli səhər yeməyi və s. - sevdiyiniz insanı təəccübləndirməyin bir çox yolu var. Bütün bunlar münasibətləri inanılmaz dərəcədə möhkəmləndirir.  

 

Lalə 
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR